

Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində sahibkar Məmmədov Vaqif Əsədulla oğluna məxsus “Ailə Ucuzluq AVM” Ticarət Mərkəzinin açılış mərasimi keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən söz açaraq, yeni istifadəyə verilən xidmət obyektinin rayonun sosial-iqtisadi həyatındakı əhəmiyyətini vurğulayıb. Rayon rəhbəri ticarət mərkəzinin fəaliyyətə başlaması münasibətilə sahibkarı və kollektivi təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Mərasimdə çıxış edən şəhid ailələri yeni ticarət mərkəzinin açılışı münasibətilə sahibkarı təbrik edib, obyektdə çalışanlara uğurlar və bol ruzi diləyiblər.
Açılışdan sonra rayon rəhbəri şəhid ailələri ilə birlikdə ticarət mərkəzi ilə tanış olublar.
İcra baçısına məlumat verilib ki, müasir standartlara cavab verən “Ailə Ucuzluq AVM” Ticarət Mərkəzində sakinlərə münasib qiymətlərlə kişi, qadın və uşaq geyimləri, eləcə də məktəbli formalarının satışı təşkil olunub. Yeni ticarət obyektinin fəaliyyətə başlaması ilə 14 nəfər rayon sakini daimi iş yeri ilə təmin edilib.
Sonda sahibkar özəl bölmənin inkişafına yaradılan əlverişli şəraitə, sahibkarlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

