Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,155
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 01Sen

    Tərtərdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək adlarını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazan şəhidlərə həsr olunmuş “Vətən uğrunda əbədi yaşayanlar” kitabının təqdimat mərasimi keçirilib.

    Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları, şəhid ailələri, qazilər,  ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər və digər qonaqlar iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda şəhid olan qəhrəmanların əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aparıcı Əfşanə Əlizadə kitabın müəllifi və yazılma məqsədi barədə məlumat verib. Bildirib ki, kitabın müəllifi rayonun Umudlu kənd tam orta məktəbinin tarix müəllimi Qızbəs Hüseynovadır. Müəllif uzun və məqsədyönlü araşdırmalarının nəticəsi olaraq ərsəyə gətirdiyi kitabda Azərbaycanın müxtəlif rayonlarından olan şəhidlər haqqında məlumatları toplayıb. Nəşrdə Tərtər şəhidlərinin də həyat və döyüş yoluna geniş yer ayrılıb.

    Sonra söz müəllifə verilib.

    Təqdimat mərasimində çıxış edən Qızbəs Hüseynova əsərin ərsəyə gəlməsinin əsas məqsədinin şəhidlərimizin keçdiyi şərəfli yolu gələcək nəsillərə çatdırmaq, onların adlarını və qəhrəmanlıqlarını əbədiləşdirmək olduğunu bildirib. O, şəhidlərin xatirəsinin yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.

    Tədbirdə kitabın ön söz müəllifləri – Texnika elmləri doktoru, “Əməkdar mühəndis”, Milli Aviasiya Akademiyasının kafedra müdiri Rasim Nəbiyev, “Yeni Tərtər” qəzetinin redaktoru, “Qızıl Qələm” Mükafatı Laureatı Svetlana Bağırova, Vətən müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Ləzifə Camalova, “Əfsanəvi tabor”un qazisi Ayar Abbasov, şəhid Aysənan Abbasovun anası Rəna Abbasova, şairə Elmira xanım Dərəlyəzli, şəhid Asim Camalzadənin ailə üzvü Azər Teymurlu, Tərtər Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Musa Paşayev və Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev çıxış ediblər. Çıxışlarda Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində şəhidlərin müstəsna yeri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, şəhidlərimizin həyat və döyüş yolunun kitablaşdırılması onların müqəddəs xatirəsinin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Vurğulanıb ki, şəhidlik zirvəsi Vətən sevgisinin, fədakarlığın və qəhrəmanlığın ən uca ifadəsidir. Onların göstərdiyi şücaət Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik məktəbidir. Tədbirdə kitabın ərsəyə gəlməsində müəllifin zəhməti yüksək qiymətləndirilib və belə nəşrlərin şəhidlərin adlarının əbədiləşdirilməsi baxımından mühüm mənəvi dəyər daşıdığı qeyd olunub.

    Sonda “Vətən uğrunda əbədi yaşayanlar” kitabının imza mərasimi keçirilib. Müəllif şəhid ailələrinə  kitab hədiyyə edib. İştirakçılar müəlliflə fikir mübadiləsi aparıb, kitablarını imzaladıblar.

    Tədbir çay süfrəsi ətrafında davam edib və sonda iştirakçılar xatirə şəkilləri çəkdiriblər.

     

    Müəllif: Redaktor, 08:47

İsmarıclar bağlıdır.