Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,149
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25Avq

    26 Avqust Azərbaycan Respublikasının təqvimində sadəcə bir gün deyil, milli qürurumuzun, tarixi ədalətin və dirçəlişin təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən təsis edilən Laçın Şəhəri Günü, 30 ilə yaxın davam edən həsrətin son bulduğu və zəfərin təntənəsinin yaşandığı xüsusi bir tarixdir.

    Tarixə nəzər salsaq, 1923-cü ildə Abdallar kəndi Laçın adlandırılaraq şəhər statusu almış, 1930-cu il avqustun 8-də isə mərkəzi Laçın şəhəri olan Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil edilmişdir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan, 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət Laçının ümumi sahəsi 1835 kvadratkilometrdir. Rayon 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.

    Lakin böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyi və çirkin siyasi oyunları nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Laçının işğalı coğrafi baxımdan Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında əlaqə yaradaraq sonrakı itkilərimizin əsasını qoydu. İşğal nəticəsində rayon əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Təcavüzkar tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyektı, 5 musiqi məktəbi, 133 idarə, 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalaraq talan və məhv edildi. Rəsmi İrəvan Cenevrə konvensiyaları üzrə öhdəliklərini kobud şəkildə pozaraq coğrafi adları dəyişdirdi, təbii resursları taladı və Suriyadan olan erməniləri qanunsuz məskunlaşdıraraq demoqrafik tərkibi dəyişməyə cəhd göstərdi.

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən şanlı Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu.

    Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.”

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 13 iyun tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilmişdir. Planda tətbiq edilən “15 dəqiqəlik şəhər” prinsipi sakinlərin və qonaqların rahat hərəkətini təmin edir. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Şəhərdə yeni yaşayış məhəllələri, 510 şagird yerlik 2 nömrəli tam orta məktəb, uşaq bağçaları, xəstəxana və sosial obyektlər istifadəyə verilib.

    2023-cü ilin 28 may tarixindən başlayan Büyük Qayıdış çərçivəsində 2026-cı ilin iyul ayına olan məlumata əsasən Laçın şəhərinə 614 ailə (2264 nəfər), Zabux kəndinə 217 ailə (823 nəfər), Sus kəndinə 59 ailə (215 nəfər), Bəylik kəndinə isə 89 ailə (363 nəfər) daimi məskunlaşıb. Köçürülən kəndlərdə müasir evlər, məktəblər, bağçalar inşa edilib, küçələrin işıqlandırılmasında günəş panellərindən və yaşıl energidən geniş istifadə olunur.

    Laçın rayonu zəngin yaşıl enerji potensialına malikdir. Rayonda Güləbird, Mişni, Alxaslı, Zabux, Qarıqışlaq, Aşağı Malıbəyli, Mirik, Ağbulaq-1, Ağbulaq-2 və Şeylanlı su elektrik stansiyaları istismara verilib. Ümumi gücü 65,5 MVt olan 9 SES ilə rayonun mövcud elektrik tələbatı 100% yaşıl enerji hesabına ödənilir, artıq qalan enerji ölkə sisteminə ötürülür.

    Rayonun nəqliyyat və loqistika infrastrukturu sürətlə yenilənir. 75,8 kilometrlik Kəlbəcər-Laçın avtomobil yolunda 17 tunel və 23 körpü inşa olunur. 2021-ci ildə təməli qoyulan və dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən ölkəmizin ən hündür aeroportu – Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilib.

    Məşğulluğun təmin edilməsi məqsədilə yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda mebel fabriki, prefabrik modul evlər müəssisəsi, “PIRSHAGHI” ayaqqabı fabrikinin filialı, “LATIFA” tikiş fabriki, heyvan kəsimi məntəqəsi və digər müəssisələr fəaliyyət göstərir. Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan “Həkəri Balıq Təsərrüfatı” və regional audiovizual mərkəz kimi fəaliyyət göstərən “Hoçazfilm” yaradıcılıq studiyası da istifadəyə verilib.

    Turizm sahəsində Zerti kəndində 120 otaqlı “Laçın” İstirahət Kompleksi açılıb, Həkəri çayı sahilində bulvar, çimərlik, əyləncə mərkəzi və saatda 800 sərnişinə xidmət edəcək kanat yolunun inşası həyata keçirilir. 11 iyul 2026-cı ildə isə 700 min nəfəri içməli su ilə təmin edəcək 100 milyon kubmetrlik “Həkəriçay” su anbarının təməli qoyulub.

    MDB Humanitar Əməkdaşlıq Şurasının qərarı ilə Laçın şəhəri “MDB-nin mədəniyyət paytaxtı – 2025” elan olunmuş və 3 iyun 2025-ci ildə bununla bağlı rəsmi açılış mərasimi keçirilmişdir. Dövlət başçısının azad olunmuş Laçına ardıcıl səfərləri, beynəlxalq zirvə görüşlərinin məhz burada təşkil edilməsi bölgənin strateji və mədəni əhəmiyyətini nümayiş etdirir. Bu gün Laçın öz doğma sakinləri ilə birlikdə yenidən dirçəlir və cənnət məkana çevrilir.

     

    Müəllif: Redaktor, 09:31

İsmarıclar bağlıdır.