Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,146
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 24Avq

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi hərtərəfli və məzmunlu müsahibə iki qardaş ölkə arasında günü-gündən möhkəmlənən strateji tərəfdaşlığın, sarsılmaz müttəfiqliyin aydın təzahürüdür. Dərin tarixi köklərə, ortaq mədəniyyətə, dil və mənəvi dəyərlərə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün özünün ən yüksək inkişaf mərhələsini yaşayır.

    Dövlət başçımızın vurğuladığı kimi, iki ölkə arasında siyasi dialoq müstəsna dərəcədə yüksək səviyyədədir. Son beş ildə reallaşan 15 qarşılıqlı ali səfər bu dinamikanın bariz göstəricisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev arasındakı səmimi dostluq, qarşılıqlı etimad və hörmət dövlətlərarası münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsində müstəsna rol oynayır. İmzalanan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”, eləcə də Ali Dövlətlərarası Şuranın səmərəli fəaliyyəti bu birliyin hüquqi və institusional təməlini daha da bərkitmişdir.

    İqtisadi, ticari və investisiya sahələrində qazanılan nailiyyətlər də böyük qürur hissi doğurur. 2025-ci ildə ticarət dövriyyəsinin 3 dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin ilk aylarında da bu artım dinamikasının uğurla davam etməsi həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. 500 milyon dollar nizamnamə kapitalı olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti, 15 iclası keçirilmiş Hökumətlərarası Komissiya, neft-qaz və yaşıl enerji layihələri (“Yaşıl Dəhliz Birliyi” MMC) iqtisadi potensialımızı birləşdirir.

    İşğaldan azad edilmiş Füzuli rayonunda 100 hektarlıq “Dostluq bağı”nın salınması, Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına modern məktəb, “Chevrolet” və “Isuzu” avtomobillərinin birgə istehsalı, eləcə də Daşkənddə “PASHA Holding” tərəfindən inşa edilən “The Ritz-Carlton” hoteli və “Sea Breeze Uzbekistan” kompleksi qardaşlığımızın əməli sübutudur.

    Mədəni-humanitar sahədə, media, təhsil və regional əməkdaşlıq istiqamətində atılan addımlar xalqlarımızı daha da yaxınlaşdırır. Bakının mərkəzində “Özbəkistan” parkının təməlinin qoyulması, 10-dan çox şəhərimizin qardaşlaşması və 2026-cı ildə QHT-lər üçün ilk dəfə birgə qrant müsabiqəsinin elan edilməsi bu əlaqələri yeni məzmunla zənginləşdirir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx inteqrasiya və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə formatın “C6”ya çevrilməsi regionda sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına böyük töhfə verir.

    Azərbaycan və Özbəkistan sarsılmaz qardaşlıq iradəsi ilə parlaq gələcəyə doğru birgə addımlamaqda devam edir!

     

    Müəllif: Redaktor, 12:21

İsmarıclar bağlıdır.