Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,144
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Avq

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasına növbəti – 17-ci səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibə ölkəmizin dayanıqlı inkişafının, artan hərbi qüdrətinin və strateji hədəflərinin nümayişi baxımından müstəsna əhəmiyyət kəsb edir. Müzəffər Ali Baş Komandanın Naxçıvana hər bir səfəri böyük mənaya və gözəl nəticələrə malik olmaqla yanaşı, Muxtar Respublikanın hərtərəfli tərəqqisinə yeni təkan verir.

    Dövlətimizin başçısı müsahibəsində Naxçıvanın müdafiə potensialının gücləndirilməsinin hər zaman prioritet məsələ olduğunu xüsusi vurğulamışdır. Ölkə rəhbərinin Sərəncamı ilə yaradılmış Əlahiddə Ordu və son vaxtlar formalaşdırılan yeni Komando qüvvələri ən müasir hərbi texnika ilə təchiz edilərək Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz və qüdrətli tərkib hissəsinə çevrilmişdir. Naxçıvanın spesifik coğrafi yerləşməsi və təhlükəsizlik amilləri nəzərə alınaraq atılan bu addımlar göstərir ki, Azərbaycan Silahlı Qüvvələri bölgədə əsas söz sahibidir və Muxtar Respublikanın hərbi potensialı gündən-günə möhkəmləndirilir.

    Müsahibədə xüsusi diqqət çəkən əsas məqamlardan biri də Zəngəzur dəhlizinin reallaşması və Naxçıvanın strateji nəqliyyat-logistika mərkəzinə çevrilməsidir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək bu dəhlizin açılması ölkəmizin tarixi təşəbbüsüdür. İkinci Qarabağ müharibəsindən dərhal sonra başlanılan infrastruktur layihələri çərçivəsində Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, tam hazırdır. Eyni zamanda, Naxçıvan ərazisində 194 kilometrlik dəmir yolu xəttinin yenidən qurulması nəzərdə tutulur. Bu infrastruktur yeniləndikdən sonra yolun yükaşırma qabiliyyəti 15 milyon tona çatdırılacaqdır. Bununla da Naxçıvan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən, Avrasiya məkanında əvəzolunmaz tranzit habına çevriləcəkdir.

    Səfər çərçivəsində Muxtar Respublikanın sosial-iqtisadi tərəqqisi və iş yerlərinin yaradılması istiqamətində də böyük miqyaslı layihələrin təməli qoyulmuşdur. Ərazi nöqteyi-nəzərindən Sumqayıtdan sonra ölkəmizdə ikinci böyük sənaye parkı olan Naxçıvan Sənaye Parkının və 300 meqavat gücündə yeni İstilik Elektrik Stansiyasının inşasına start verilmişdir. Artıq uzun illərdir qazlaşdırmanın 100 faiz təmin olunduğu Naxçıvanda mövcud generasiya güclərinin artırılması, yeni Günəş və su elektrik stansiyalarının tikintisi, habelə 100 meqavatlıq batareya saxlanc qurğusunun quraşdırılması bölgənin daxili tələbatını tam ödəyəcək və böyük həcmdə “yaşıl enerji”nin ixracına imkan yaradacaqdır.

    Dövlət başçısı qeyd etmişdir ki, görülən bütün böyük quruculuq işlərinin təməlində milli kimliyimiz, tariximiz və mənəvi dəyərlərimiz dayanır. Qədim Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvanda dahi memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması, Möminə xatun məqbərəsinin və digər tarixi-mədəni abidələrin bərpası bu diyarın zəngin irsinə verilen yüksək dəyərin bariz nümunəsidir. Bununla yanaşı, Naxçıvan şəhərinin yeni Baş planının hazırlanması, nəqliyyat sisteminin ekoloji təmiz elektrik avtobusları ilə yenilənməsi, 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometrlik yol şəbəkəsinin təmiri və kənd təsərrüfatı üçün suvarma layihələrinin icrası əhalinin rifahını daha da yüksəldəcəkdir.

    Prezident İlham Əliyev vurğulamışdır ki, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid inkişaf konsepsiyası və müasir idarəetmə modeli əsasında qurulur. İşğaldan azad olunmuş torpaqlarımızda özünü doğruldan Prezidentin Xüsusi Nümayəndəliyi institutunun və kadr-struktur islahatlarının Naxçıvanda tətbiq edilməsi bu qədim diyarın təhlükəsizliyini, idarəetmənin təkmilləşməsini və firavan gələcəyini tam təmin edəcəkdir.

     

    Müəllif: Redaktor, 12:11

İsmarıclar bağlıdır.