Həyatımızın hansı sahəsindən danışsaq, mütləq orada Ulu Öndər Heydər Əliyevin titanik zəhmətini və silinməz izlərini görürük.
Bu sözlər müstəqil Azərbaycanın dil siyasətinə də aiddir. Ümummilli Liderimiz bu siyasətin təməlini müstəqillik əldə edildikdən hələ çox əvvəl – Sovet imperiyasının sərt qanunları tüğyan etdiyi bir dövrdə qoymuşdur.
Bu barədə öz gördüklərim əsasında danışa bilərəm. Belə ki, çox əvvəl, 1969-cu ildə Bakı Dövlət Universitetinin (o zamankı Azərbaycan Dövlət Universiteti) I kurs tələbəsiydim. Heydər Əliyev ölkədə hakimiyyətə yenicə gəlmişdi. Onun Azərbaycana gətirdiyi abuhava universitet auditoriyalarında da hiss olunurdu. İndiyədək Azərbaycan dilində danışan rayondan gələn uşaqları “kəndçi” adlandıranlar, bir az sözlərinə sərhəd qoymağa başlamışdılar. Buna səbəb Ulu Öndərin şəxsi nümunəsiydi.
Belə ki, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Ulu Öndər Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Bununla da görkəmli dövlət xadimi öz ana dilimizə hörmətlə yanaşmağı hər bir Azərbaycanlının müqəddəs borcu olduğunu xatırlatdı.
Bu gün biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilində çıxışlarını, məruzələrini dinlədikdə, haqlı olaraq qürur hissi keçiririk.
Çox dil bilmək gözəldir, müasir gənclərimizin bu həvəsi alqışalayiqdir. Ancaq yaxşı olar ki, uşaqlar dil açanda dünyadakı ən şirin, ən gözəl Azərbaycan dilində danışsınlar. İlk kəlmələrini bu dildə söyləsinlər. Ziyalılarımızın ailələrində ünsiyyət dili öz doğma dilimiz olsun.
Svetlana BAĞIROVA

