Müqəddəs borc
Bəzən bir insanın həyatı təkcə öz taleyi deyil, bütöv bir xalqın qürur salnaməsinə çevrilir. Vətənin keşiyində dayanmaq, onun uğrunda canını təhlükəyə atmaq böyük cəsarət tələb edir. Bu cəsarətin ən gözəl nümunələrindən biri də qazilərimizdir. Cəfərli Elvin Hafiz oğlu Azərbaycanın igid oğullarından biridir. O, 1998-ci il iyun ayının 5-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Orta təhsillidir. Təhsilini başa vurduqdan sonra Vətənə xidmət etməyi özünə müqəddəs borc bilib. Vətən müharibəsi zamanı döyüşlərdə böyük şücaət göstərərək, torpaqlarımızın azadlığı uğrunda mərdliklə vuruşub. O, 2016-cı ildən 2020-ci ilin 5 oktyabrına qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında manqa komandiri vəzifəsində çalışıb. Müharibənin 10-cu günü, oktyabr ayının 5-də Suqovuşan istiqamətində yaralanıb.
Döyüşlər zamanı aldığı yaralara baxmayaraq, ruhdan düşməyən qazi bu gün də vətənpərvərliyi, iradəsi və mübarizliyi ilə hər kəsə nümunədir. Onun keçdiyi həyat yolu göstərir ki, əsl qəhrəmanlıq təkcə döyüş meydanında vuruşmaq deyil, həm də çətinliklər qarşısında sınmamaqdır.
Göstərdiyi igidliyə görə Cəfərli Elvin Hafiz oğlu “Cəsur döyüşcü”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Bu mükafatlar onun Vətən qarşısında göstərdiyi xidmətlərin dövlət tərəfindən yüksək qiymətləndirildiyini sübut edir.
Bu gün qazilərimiz xalqımızın qürur mənbəyidir. Onların şücaəti gələcək nəsillərə vətən sevgisi, birlik və fədakarlıq dərsi verir. Biz onların qəhrəmanlığını daim hörmətlə yad etməli, göstərdikləri şücaəti heç vaxt unutmamalıyıq. Çünki bu gün azad və qalib Azərbaycanda yaşayırıqsa, bunu şəhidlərimizə və qazilərimizin fədakarlığına borcluyuq.
Əfşanə Əlizadə
Tərtər rayon İcra Hakimiyyətində
Könüllü, gənc jurnalist

