Rayonumuzda qiymətli tərəvəz – kök becərilir
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda digər sahələrlə yanaşı tərəvəz istehsalının artırılması da nəzərdə tutulub.
Hal-hazırda ölkə üzrə özümüzü tərəvəzlə 107 faiz təmin edirik və 214 min ton tərəvəz ixrac olunur.
Tərtərli fermerlər də tərəvəz istehsalına öz töhfələrini verirlər. Son illərdə rayonda xüsusən kök istehsalına maraq artıb. Bu sahə rayonumuz üçün ənənəvi olmasa da, əldə olunan göstəricilərdən belə nəticə çıxarmaq olar ki, Tərtər torpağına atılan hər bir toxum qayğı və diqqətlə becəriləndə, əkinçini sevindirir.
Tərəvəz əkini ilə məşğul olan fermerlərdən biri də Sarıcalı kəndindən İlqar Bəbişovdur. Onun öhdəsində ümumilikdə 45 hektar əkin sahəsi var. Bunun 17 hektarında kök əkir.
Fermer deyir:
– Kök ildə iki dəfə əkilir və yığılır. Onun becərilməsi zamanı əsas tələbat suyadır. Suvarma zamanı həm subartezian quyularından, həm də arxlarımızdan istifadə edirik.
Təsərrüfatda suvarma damlama üsulu ilə aparılır, suya qənaət edilir. Becərmə işləri isə həm texnika vasitəsilə, həm də əllə görülür. Mövsümi işlər zamanı sahədə 50-60 nəfər çalışır.
Fermer bildirdi ki, əkin üçün toxumu xaricdən gətirirlər, məhsuldar sortlardır, hektardan 45-50 sentner yüksək keyfiyyətli kök götürülür. Məhsul yığılıb yuyulduqdan sonra, kisələrə yığılır və Bakıya göndərilir. Tərtərdə istehsal olunan kök ölkə bazarlarında satılmaqla yanaşı, ixrac üçün nəzərdə tutulur.
Rayon Statistika İdarəsinin verdiyi məlumata görə 2025-ci ildə rayonumuzda 39 hektarda kök əkilmiş təkrar əkinin məhsulu ilə birgə 1005,4 ton qiymətli tərəvəz toplanmışdır.
2026-cı ildə ümumilikdə əkin sahəsi 103 hektardır, 50 hektarın məhsulu yığılıb və hələlik 739,5 ton kök satışa göndərilib.
Svetlana BAĞIROVA

