
Tərtər Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğu ilə əldə olunmuş razılığa əsasən, rayonda aqrar sektorun inkişafına dəstək vermək, heyvandarlıqla məşğul olan yerli fermerlərin süd istehsalı potensialını artırmaq və onların gəlirlərinin yüksəldilməsini təmin etmək məqsədilə “Tərtərli Fermerlərə Süd Sağan Aparat Alınması” layihəsi icra olunub.
Layihə çərçivəsində 29-30 iyul 2026-cı il tarixlərində Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında heyvandarlıqla məşğul olan 50 nəfər tərtərli fermer üçün 2 günlük maarifləndirici təlim keçirilib. Fermerlərin heyvan yetişdiriciliyi sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına töhfə vermək məqsədilə keçirilən təlimlərə Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən ezam olunmuş 2 nəfər yüksək-ixtisaslı mütəxəssis cəlb edilib.
Tədbirin açılışında çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov iştirakçıları salamlayaraq, dövlətimiz tərəfindən aqrar sektorun inkişafına göstərilən diqqət və qayğıdan, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin regional layihələrdəki uğurlu təzahüründən söz açıb. O, TİKA ilə birgə reallaşdırılan bu layihənin rayonun kənd təsərrüfatı infrastrukturunun gücləndirilməsi və fermerlərin rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Təlimin yekun günü layihə çərçivəsində TİKA tərəfindən təmin edilmiş Türkiyə istehsalı olan 50 ədəd müasir südsağan aparat (eyni anda iki inək üçün nəzərdə tutulmuş, elektrik motorlu, paslanmayan materialdan hazırlanmış 40 litr tutumlu) fermerlərə təhvil verilib.
Avadanlıqların təhvil verilməsi mərasimində Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və TİKA Bakı Proqram Koordinatoru Mahmut Ağırman iştirak edərək fermerlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Fermerlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

