Əlizadə Elşən Faiq oğlu 1995-ci il avqustun 10-da İsmayılbəyli kəndində anadan olub. Valideynləri danışırlar ki, ürəkli, qorxmaz, boylu-buxunlu, ölümün gözünə dik baxan oğlanıydı.Vaxtilə kolxozda traktorçu, çilingər işləyən Faiq kişi övladlarını da zəhmətkeş böyütmüşdü. Oğlanları Elşən və Elçin uşaqlıqdan texnikaya maraq göstəriblər. Hər ikisi elə öz həyətlərində maşın təmiri ustası kimi çalışırdı. Onlar həm qardaş, həm də ayrılmaz dost, sirdaş idilər.
Elşən valideynlərinə bildirmədiyi sözünü qardaşına deyə bilirdi. Elə müharibəyə könüllü getməsini də birinci olaraq qardaşı bilmişdi. Onun döyüş yolu Tapqaraqoyunludan başlayıb, Talışdan keçib və Suqovuşanda şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 3-də yaralanmışdı. Bir neçə gün hospitalda yatıb, yenidən cəbhəyə qayıtmışdı. Bu barədə evlərinə heç nə bildirməmişdi.
Anası Sahibə xanım deyir ki, Elşən sözünün qiymətini biləniydi, çox danışmağı sevməzdi. Bir də heç vaxt razı olmazdı ki, valideynləri narahatçılıq keçirsinlər.
Hospitaldan qayıdandan sonra evlərinə zəng vurmuşdu. Hər şeyin yaxşı olduğunu, yenidən döyüşlərə qatıldığını bildirmişdi.
Çiyin-çiyinə vuruşduğu yoldaşları danışırlar ki, onun ayağı tam sağalmamışdı, ayaqqabısının ipini möhkəm sıxırdı ki, ağrını hiss etməsin. Ancaq onlardan bir addım belə geri qalmırdı.
Elşən uşaqlığından idmanı çox sevirdi. Ordu həyatında hər kəsə lazım olan dözümlülüyü, cəsarəti də məhz o illərdə qazanmışdı. Bir də onda Vətən sevgisi güclüydü. Bu sevgini də həm təhsil aldığı İsmayılbəyli kənd tam orta məktəbində, həm də sadə, zəhmətkeş ailəsində aşılamışdılar.
Faiq kişi deyir ki, Elşən 2013-2015-ci illərdə həqiqi hərbi xidmətini də nümunəvi başa vurmuş, daim komandirlərindən təşək-kürnamələr almışdır.
Son döyüşü Suqovuşanda, oktyabrın 14-də oldu. O, bu döyüşə can atırdı. Qələbəmizə çox inanırdı. Onun kimi qəhrəman oğulların şücaəti hesabına bu qələbə qazanıldə. Ancaq namərd düşmənin atdığı mərmi qəlpəsinin dəyməsi nəticəsində Elşən həyatını Vətən yolunda qurban verdi.
Bu hadisə oktyabrın 14-də baş vermişdi. Oktyabrın 16-da isə İsmayılbəyli kənd qəbiristanlığında dəfn edildi.
Elşən özü evlənməyə macal tapmadı. Amma indi qardaşı Elçin onun adını öz oğluna qoyub. Balaca Elşən qəhrəman əmisinin adını yaşadacaqdır.
Elşən Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Svetlana BAĞIROVA

