Ana dili hər bir xalqın milli kimliyini, mənəvi varlığını və tarixi yaddaşını yaşadan, onu müstəqil millət kimi formalaşdıran ən mühüm sütundur. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tapması, zənginləşməsi və beynəlxalq aləmdə layiqli mövqe tutması xalqımızın keçdiyi çətin, lakin şərəfli tarixi mübarizə yolunun məntiqi nəticəsidir. Hər il avqust ayının 1-də ölkəmizdə qeyd edilən Azərbaycan əlifbası və Azərbaycan dili günü bu müqəddəs irsə cavabdehlik və milli qürur hissinin təcəssümünə çevrilmişdir.
Tarixə nəzər salsaq görərik ki, Sovet imperiyası dövründə milli dillərin sıxışdırılması və rus dilinin hakim mövqeyə gətirilməsi siyasəti xüsusilə güclənmişdi. Belə bir mürəkkəb və təhlükəli şəraitdə ana dili məsələsini gündəmə gətirmək böyük siyasi cəsarət və qətiyyət tələb edirdi. Bütün süni məhdudiyyətlərə və təzyiqlərə rəğmən, Ümummilli Lider Heydər Əliyev hələ 1970-ci illərdən başlayaraq Azərbaycan dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda ardıcıl mübarizə aparmış, ziyalıları və bütövlüklə xalqı bu ideya ətrafında səfərbər etmişdir. Bu mübarizənin tarixi nəticəsi kimi 1978-ci il aprelin 2-də Heydər Əliyevin bilavasitə təşəbbüsü və təklifi ilə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsi daxil edildi. Bu, həmin dövr üçün misilsiz bir tarixi qələbə idi.
Müstəqillik dövründə də Ulu Öndər dövlət dili siyasətini prioritet sahə kimi diqqətdə saxlamışdır. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu hüquqi olaraq möhkəmləndirildi. Daha sonra, 2001-ci il iyunun 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman və həmin il avqustun 9-da təsis edilən “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsbit edilməsi haqqında” Fərman ölkədə dil siyasətinin zəfər mərhələsi oldu. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə dilimizin tətbiqi, qorunması və inkişaf etdirilməsi üçün möhkəm qanunvericilik bazası yaratdı.
Ulu Öndər Heydər Əliyev həmişə vurğulayırdı ki, “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək onun nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Ulu Öndərin fikrincə, öz dilini bilməyən və sevməyən insan öz tarixini də yaxşı bilə bilməz, bu səbəbdən hər bir gənc ana dilini ən incəliklərinə qədər öyrənməli və ondan qürurla istifadə etməlidir.
Ana dilimizin saflığının qorunması və tətbiq sahələrinin genişləndirilməsi istiqamətində Ümummilli Liderin əsasını qoyduğu bu strategiya hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri haqqında” sərəncamlar ana dilimizin zənginləşməsinə və onun həyatımızın bütün sahələrində geniş tətbiqinə böyük təkan vermişdir.
Qloballaşma dövründə dilimizin saflığının qorunması Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi strateji məsələlərdəndir. Dövlət başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı, həmçinin elektron məkanda dilin istifadəsi və saflığının qorunması ilə bağlı imzaladığı fərmanlar bu sahəyə dövlət qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirindəki çıxışında bu məsələnin vacibliyini belə ifadə etmişdir: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Dövlət, alimlər, yazıçılar, jurnalistlər bu məsələyə çox böyük diqqət verməlidirlər. Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur.”
Aparılan məqsədyönlü siyasət, qəbul edilən normativ-hüquqi aktlar və orfoqrafiya normalarının təkmilləşdirilməsi nəticəsində Azərbaycan dili bu gün mürəkkəb və dərin fikir çalarlarını aydın ifadə etmək qüdrətinə malik, dünya dilləri arasında özünəməxsus yeri olan kamil bir dildir. Müstəqil dövlətin olmadığı zamanlarda belə bizi bir xalq kimi qoruyub saflığını saxlayan ana dilimizi göz bəbəyi kimi qorumaq, onu gələcək nəsillərə təmiz və zəngin şəkildə ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

