
Tərtərli fermerlər bu hesaba pambıqçılıqda yüksək göstəricilərə nail olurlar
Qarşıdakı beş il ərzində kənd təsərrüfatı sektorunda dinamik inkişafı nəzərdə tutan dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi Tərtər rayonunda da diqqət mərkəzindədir. Xüsusən pambıqçılar imkanlarını yenidən götür-qoy edir, cari il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyildiyi kimi, pambıq plantasiyalarında məhsuldarlığı 5 tona çatdırmağı planlaşdırırlar.
Hüsənli kəndindən olan fermer Firuz Rzayevlə elə öz təsərrüfatında görüşüb söhbət etdik. “Yeni dövlət proqramı kənd təsərrüfatının bütün sahələrinin sürətli inkişafını nəzərdə tutur. Bu inkişafa əkin sahələrini genişləndirmədən yeni mütərəqqi texnologiyaları tətbiq etməklə nail olmalıyıq” – dedi. Fermer Firuz Rzayev onu da qeyd etdi ki, məhsuldarlığın artırılmasında qabaqcıl təcrübənin yayılması böyük əhəmiyyət kəsb edir. Məsələn, eyni kənddə, qonşu torpaqlarda bir sahibkar hər hektardan 45-50, digəri isə 30-32 sentner pambıq götürür. Eyni toxum, su, gübrələr və dərmanlar, nəticələr isə müxtəlifdir.
Pambıqçı bu məsələnin səbəbini belə izah etdi:
– Bizim ailə uzun illər təsərrüfatla məşğul olub. Gördüyüm budur ki, pambıqçılıqda digər sahələrə nisbətən əl əməyi daha çoxdur. Məsələn, biz özümüz becərmə zamanı 3 briqada ilə işləyirik. Hər briqadada 15-20 nəfər çalışır. Onlar sübh tezdən sahələrə gəlir və işə başlayırlar. Əgər həmin vaxt sahibkar evində yatırsa, yaxud günəşdən gizlənib kölgədə dincəlirsə, briqada üzvləri nə qədət məsuliyyətlə işləsələr də, istənilən nəticə alınmayacaq. Kultivasiyadan sonra cərgəaralarını əllə becərənlərə “alaqçılar” deyirik. Fikrimcə, bu, yanlış ifadədir. Ona görə ki, kətmənçilər yalnız alaq otlarını vurmalı deyillər, onlar alaq oldu-olmadı, cərgəaralarını, el arasında deyildiyi kimi, “döyməlidirlər”. Bu zaman torpaq yumşalır və bitki yaxşı inkişaf edir.
Öyrəndik ki, fermer cari mövsüm 32 hektar sahədə pambıq əkib. “Prime Cotton” MMC ilə müqavilə bağlayıb. Biz təsərrüfatda olarkən şirkətin ərazi üzrə aqronomu Şamo Ələkbərov da burada idi. Bildirdi ki, Firuz Rzayev şirkət üzrə ən yüksək göstəricilərə nail olan sahibkarlardandır. Ötən mövsüm becərdiyi 28 hektar pambıq sahəsinin hər hektarından 46 sentner məhsul götürüb. İndi daha yüksək göstərici əldə etmək istəyir. İndiyəcən bütün lazimi tədbirləri yüksək səviyyədə həyata keçirib.
Söhbət zamanı öyrəndik ki, hazırda pambığın məhsuldarlığı ilə yanaşı, onun keyfiyyəti də sahibkarların gəlirlərinə müsbət təsir göstərir. Alaqlı sahədən toplanan, nəmliyi çox olan pambıqla təmiz, səliqəli sahədən yığılan pambığın arasında böyük fərq olur. Gələcəkdə pambığın növünün müəyyənləşdirilməsində texnologiyanın köməyindən daha çox isitfadə ediləcək. Bu isə bəzən yaranan mübahisəli məsələləri aradan qaldıracaq. Pambığın keyfiyyətini insan deyil, müasir texnologiya özü qiymətləndirəcək. Təmiz məhsul tayalara vurulmadan birbaşa emala göndəriləcək.
Pambığın becərilməsinə görə aldığı subsidiya ilə bağlı fermerə sual verdik. Bildirdi ki, bu sahədə dövlətimizin dəstəyini daim hiss edirik: “Pambığın becərilməsi çox xərc aparan işdir. Mövsümün sonunda şirkətin çəkdiyi xərclər çıxandan sonra bəzən o qədər də yüksək gəlir qalmır. Subsidiya isə onu kompensasiya edir və işləməyə yeni stimul verir. Ancaq burada da bəzi uyğunsuzluqlar aradan qaldırılsa, yaxşı olar. Məsələn, ən yüksək məhsuldarlığa nail olan fermerlə zəif nəticə göstərən eyni səviyyədə götürülür. Subsidiyada fərq olsa, zəif işləyənin də məsuliyyəti artar, yəni öhdəsində olan qızıl dəyərində torpağın qədrini daha çox bilər.
Təsərrüfatda əkin sahələrinin suvarılması subartezian quyularının vasitəsilə aparılır. Çiyid səpini vaxtı aramsız yağışlar yağmasına baxmayaraq, bu mühüm kampaniya da optimal müddətdə başa çatdırılıb.
Yenə də təcrübəli fermerin fikirlərini öyrəndik:
– Nədənsə gileylənmək, bəhanələr gətirmək təsərrüfatçıya yad olan xüsusiyyətlərdir. Çətindirsə, ikiqat işləyirik. Qarşımıza məqsəd qoyuruqsa, məqəsdimizə çatmamış dincəlmirik. Bununa belə pambıqçılıqda hava şəraiti nəzərə alınmalı və uyğun tədbirlər görülməlidir.
Xatırladaq ki, ötən il Tərtər rayonu üzrə 2796,7 hektardan 10,5 min tondan çox pambıq götürülmüş, məhsuldarlıq 37,65 sentner olmuşdur. Hazırda pambıqçılıqda çox məsul dövrdür. Rayon ərazisində fəaliyyət göstərən üç şirkət – “Prime Cotton” MMC, “Azərpambıq ASK” MMC və “Elakoton” MMC ilə müqavilə bağlamış 436 istehsalçı 2141,57 hektar sahədə bol məhsul üçün çalışır.
Svetlana BAĞIROVA,
“Yeni Tərtər” qəzetinin redaktoru

