Bu gün Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir.
Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir;
Qonşularla qarşılıqlı əlaqələr olmadan, heç zaman tranzit ölkəyə çevrilmək mümkün deyil. Bilirsiniz, biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Avrasiyanın böyük coğrafi məkanında, Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, prosesi apardığımız kimi inkişaf etdirmək, məsələn, Azərbaycanın təşəbbüskar olduğu, əsas maliyyə töhfəsini verən tərəf olduğu və çoxtərəfli əməkdaşlığı təşkil edən tərəf kimi enerji layihələrimizin həyata keçirilməsi həmin meyarlar sırasındadır. Bu isə bu gün, enerji təhlükəsizliyi məsələlərinin həllində, həmçinin bir çox ölkələrə kömək edir.
Beləliklə, eyni yanaşmanı bağlantılara da tətbiq edirik. Söylədiyim kimi, fiziki infrastruktur qurulub. İndi isə biz yalnız onun genişləndirilməsi yolları üzərində çalışırıq, çünki biz gözləmirdik ki, coğrafiyamız son vaxtlar bu qədər lazımlı olacaq. Şərq və Qərbdəki qonşularla – istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır. Əlbəttə, bütün bunları bir araya gətirmək üçün bizə dəhlizi səmərəli edə biləcək bir çox addımları atmaq vacib idi;
Bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır.
Bəli, hazırda Orta Şərqdəki vəziyyət bu dəhlizi daha cəlbedici edir və əgər siz mübarizənin qaynar dövründə təkcə uçuşların xəritəsinə nəzər salsanız, görərsiniz ki, Azərbaycandan çox dar dəhliz keçir. Eyni vəziyyəti Xəzər dənizi ilə və quru ərazi ilə daşımalara da aid etmək olar. Bir sözlə, bütün həmin meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Xoşbəxtlikdən, biz yüklərin artan həcminin daşınmasını təmin etməyə hazır idik. Hazırda biz öz imkanlarımızı artırırıq.
– Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq.
Hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə sıx münasibətlərimiz hər iki istiqamətin mərkəzində dayanır və bu, həqiqətən böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın hər zaman əməkdaşlığa, qonşularımızı narahat edən məsələlərin həllinə yönələn siyasəti narahatlıqlarımızı aradan qaldırmağa və mühit yaratmağa imkan verir. Burada, Şuşada, Media Forumda bəhs etdiyim mühiti bir çox beynəlxalq iştirakçılar arasında yaratmağa çalışırıq və ümid edirəm ki, yaratmağa nail olmuşuq;
Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır.Düşünürəm və əminəm ki, Türkiyə və Azərbaycanda da insanlar sizinlə həmfikirdir. Onlar dünyanın bütün ölkələrini götürsək belə, ən yaxın ölkələrdir. Əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız.Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır. Bu, təhlükəsizliyin mühüm meyarıdır, çünki burada – Şuşada, beş il əvvəl Türkiyə Prezidenti ilə mən Şuşa Bəyannaməsini imzaladıq və beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxdı;
– Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik.
Əgər bizlərdən kiməsə xoşagəlməz və ya pis hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq. Həqiqətən real haldır və biz görürük etnik köklər, ortaq mədəniyyət və ümumi tarix ölkələrimiz üçün siyasi baxımdan bu qədər yaxın olmağa bir platforma yaradır. Əminəm ki, bilirsiniz, çox sayda hallar var ki, oxşar, kifayət qədər oxşar köklər və eyni dil, necə deyim, söz ehtiyatı elə bir platforma yaratmır. Əksinə, demək olar ki, eyni dildə danışan insanlar bəzən bir-biri ilə vuruşurlar. Eyni regionda olan insanlar bir-birini məhv edirlər. Beləliklə, Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar;
Gündəliyimizin əsas istiqamətlərindən biri də rəqəmsal transformasiyanın və süni intellektin inkişafıdır.
Bu yaxınlarda mən həmin məsələlərin əlaqələndirilməsi məqsədilə xüsusi Sərəncam imzaladım və bununla da bu sahə üzrə müvafiq komissiya, birgə işçi qrup, yəni vahid şura yaradıldı. Şübhəsiz ki, enerji təhlükəsizliyi bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri olaraq qalacaq.
Ölkəmizdə bu sahədə artıq böyük işlər görülüb və işlər yekunlaşıb. Lakin qeyd etdiyim kimi, həm ənənəvi enerji resurslarımıza, həm də bərpaolunan enerji mənbələrinə tələbat artmaqda davam edəcək;
– Başa düşürük ki, sülh nail olunmalı olan ən ali məqsəddir.
Buna görə də hesab edirəm ki, burada çoxlu psixoloji və emosional amillər, cavab vermək, qisas almaq istəyi olacaq. Mənim qonşularımıza mesajım məsuliyyətli olmaq, mümkün qədər tez dayanmaq, münasibətləri normallaşdırmağa çalışmaq və bu prosesi qlobal münaqişəyə çevriləcək səviyyəyədək eskalasiya etdirməməkdir. Bu, çox böyük təhlükədir və mən hər kəsi məsuliyyətli olmağa çağırıram. Ümid edirəm ki, dostlarımızın, bir daha qeyd edirəm, Pakistanın vasitəçilik səyləri qarşıdurmanın dayandırılması ilə nəticələnəcək;
– Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır.Hörmətli Prezident Şavkat Miromonoviçlə bizim şəxsi dostluğumuz bu münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Onu bildirməliyəm ki, Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur. Füzuli şəhərində Mirzə Uluqbəy adına gözəl, böyük məktəb inşa edilmişdir və Şavkat Miromonoviçlə birlikdə biz o məktəbin açılışını qeyd etmişik. Yəni ondan sonra digər qardaş dövlətlər də bizə hədiyyələr etmişlər – Qazaxıstan, Qırğızıstan, Türkmənistan. Amma birinci yardım məhz Özbəkistandan gəlib;
Qarabağın bərpasında göstərilən köməyə görə Prezident Tokayevə çox minnətdaram.
Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Kasım-Jomart Kemeleviç və mən bu mərkəzi birlikdə açdıq və azad edilmiş ərazilərin bərpasında qardaş xalqımızın dəstəyinə görə çox minnətdarıq.
Əlbəttə, Prezident Tokayev ilə şəxsi münasibətlərimiz ikitərəfli formatda və regional əməkdaşlıqda mühüm amildir. Bizim çox geniş gündəliyimiz var. Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələr olaraq sıx qarşılıqlı fəaliyyət göstəririk. Mahiyyət etibarilə, Qazaxıstan ilə Azərbaycan arasında fəal əməkdaşlıq olmadan regionumuzda, Xəzər bölgəsində hər hansı nəqliyyat layihəsi sadəcə mümkün deyil.
Sevinirik ki, infrastrukturun yaradılması və genişləndirilməsi üzrə paralel işlər aparılır. Artıq Azərbaycandan bəhs etmişəm. Bilirəm ki, Qazaxıstan da liman infrastrukturunun genişləndirilməsi üçün çox iş görür.
Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında birgə əməkdaşlıq formatı artıq mövcuddur. Tarif siyasəti, rəqəmsallaşdırma, gömrük administrasiyası prosedurlarının sadələşdirilməsi və bir çox digər mühüm məsələlər müzakirə edilir və həll olunur;
Müraciətlərim məzmunca fərqli olsa da, deyə bilərəm, onların ana xətti dəyişməz olaraq qalır ki, biz ancaq özümüzə güvənə bilərik.Bu gün mən artıq bu barədə dedim. Baxmayaraq ki, Azərbaycanın çox böyük təbii sərvətləri olub, daha uzun illərdən bəri onlardan heç biri, yəni sözün əsl mənasında, Azərbaycan xalqının inkişafında, o vaxt müstəqil olmayan Azərbaycan Respublikasının inkişafında heç bir rol oynamayıb. Biz ümumittifaq büdcəsinə daha çox verirdik, nəinki alırdıq. Cəmi iki respublika var idi. Biz verirdik, heç nə almırdıq. Bizdən neft aparılırdı. Sumqayıt şəhəri ekoloji fəlakətə çevrilmişdi. Nəticədə Sovet İttifaqı dağılanda hər şey viran qalmışdı, torpaqlarımız da əldən getmişdi;
– Ancaq özümüzə və dövlətə güvənməliyik.
Birlik heç vaxt sarsılmamalıdır. Nə üçün mən bunu deyirəm? Bəlkə də bu gün bunu demək o qədər də məntiqli səslənməz. Çünki bu gün Azərbaycan cəmiyyətində olan birliyə oxşar mənzərə tapmaq da çətindir. Çünki bu, ürəkdən gələn, insanların zehnindən gələn bir birlikdir. Elə bil ki, iki çay birləşir bir yerə. Bax, odur bu birlik – həm qəlbən, həm də necə deyərlər, fikir olaraq.
Amma biz gələcəyə baxmalıyıq. Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır – mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün.
Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu, onları qoruyacaq. Amma nəticə etibarilə olurlar qurban. Böyük oyunların qurbanları;
– Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır.
Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, – indi olur belə hadisələr, – amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun.

