KƏND TƏSƏRRÜFATININ İNKİŞAFINDA YENİ DÖVR BAŞLAYIB



İyunun 16-da Qarabağ iqtisadi rayonunda Prezidentin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyir:
–Hazırda proqramın icrası ilə bağlı rayonun aqrar sektorunda işləri daha da canlandırmaq məqsədilə tədbirlər həyata keçirilir. Bu tədbirlər kənd təsərrüfatında məhsuldarlığın artrılmasını, mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə edilməsini nəzərdə tutur. Bununla əlaqədar yerlərdəki vəziyyəti və fermerlərin rəy və təkliflərini öyrənib gələcəkdə görüləcək işləri müəyyənləş-diririk.
Müşavirədəki nitqində Prezident İlham Əliyev deyib: “İntensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun”.
Qeyd edək ki, Tərtər rayonunda 2371,5 hektar meyvə və giləmeyvə bağları var. Bunlardan 824,9 hektarı intensiv, 1546,6 hektarı isə ənənəvi bağlardır. Bağların 49 hektarı yeni salınmışdır. Mövcud meyvə bağlarının 845,7 hektarı isə ixracat yönümlü xurma bağlarıdır.
Rayondakı iri müəssisələrdən birinin– “Frutti Aqro” MMC-nin rəhbəri Zaur Əliyevin verdiyi məlumata görə, “Frutti Aqro” MMC-nin ümumi əkin sahəsi 315 hektardır və bu sahənin 175 hektarını xurma, 70 hektarını nektarin, 44 hektarını şaftalı, 16 hektarını əncir,10 hektarını isə ərik bağları təşkil edir. Rayonun məşğulluğuna mühüm töhfə verən müəssisədə hazırda 60 nəfər daimi, mövsüm zamanı isə 200 nəfər yerli sakin işlə təmin olunur. Burada müasir tələblərə cavab verən mütərəqqi avtomatlaşdırılmış damlama suvarma sistemi qurulub. Eyni zamanda, ərazidə suvarma suyunun fasiləsizliyini təmin etmək üçün tutumu 200 min kubmetr olan xüsusi süni göl yaradılıb ki, bu da bitkilərin vegetasiya dövründə optimal su təminatına tam zəmanət verir.
Cari ildə həyata keçirilən aqrotexniki qulluq nəticəsində təsərrüfatda olduqca bol və keyfiyyətli məhsul əldə edilib. Lakin son günlər bölgələrdə qeyri-sabit keçən hava şəraiti, yağan güclü leysan yağışları nəticəsində meyvə bağlarına ciddi ziyan dəyib. Təsərrüfat Aqrar Sığorta Fondu vasitəsilə vaxtında sığortalandığı üçün, dəymiş maddi ziyan fond tərəfindən ödəniləcəkdir.
“Tərtər 1” MMC-nin intensiv meyvə bağları isə Seydimli və Bala Kəngərli kəndlərində 98 hektar sahəni əhatə edir. Bu sahənin 75 hektarını xurma, 12 hektarını nektarin və 11 hektarını şaftalı təşkil edir. Bağların 79 hektarı yeni salınıb. Burada 14 nəfər daimi, 80 nəfər isə mövsüm zamanı işlə təmin olunur. Bunlar yerli sakinlərdir.
Müəssisədə müasir suvarma infrastrukturu qurulub, 1,5 hektar sahədə tutumu 130 min kubmetr olan xüsusi süni göl yaradılıb. Görülən tədbirlər nəticəsində su ehtiyatlarından səmərəli istifadə edilir.
Müəssisənin təsisçisi Muxtar Orucov qeyd edir ki, 2026-2030-cu illəri əhatə edən yeni Dövlət Proqramından irəli gələn vəzifələri layiqincə yerinə yetirmək üçün mövcud imkanlardan maksimum və səmərəli istifadə olunacaq. Müasir aqrar texnologiyaların təsərrüfata tətbiqi genişləndiriləcək, nəticədə daxili və xarici bazarlara rəqabətə davamlı, ekoloji təmiz meyvələrin çıxarılması artacaq.
Bundan başqa, Tərtər rayonunun Qaradağlı kəndində 38 hektar sahəni əhatə edən “FRUİT FOR AZ” MMC, Kəbirli kəndində ümumi əkin sahəsi 164 hektar olan “AZNEKTARİN” MMC, Kəbirli kəndində 120 hektarda yerləşən “Aqropat” MMC fəaliyyət göstərir. Bu müəssisələrdə müasir tələblərə uyğun meyvə bağları salınıb və becərilir, yüksək məhsul götürülür. Ərazidə bu cür müəssisələrin yaradılması məşğulluğun artırılmasına mühüm töhfə verir.
Belə ki, təkcə “Aqropat” MMC-də hazırda 70 nəfər yerli sakin daimi işlə təmin olunub. Mövsümi işlərə isə 150 nəfər cəlb olunur. Müəssisənin ərazisində tutumu 1100 ton olan müasir soyuducu anbar kompleksi yaradılıb ki, bu da yetişdirilən məhsulların keyfiyyətli saxlanılmasını təmin edir.
Sahibkarların əldə etdiyi nailiyyətləri görən digər fermerlər də meyvəçiliyə üstünlük veriblər. Onlardan biri İsmayılbəyli kəndindən olan Mirzə Cümşüdovdur. O, 50 hektar sahədə müasir standartlara uyğun meyvə bağı salıb. Nektarin, gilas və ərik yetişdirir.
Mirzə Cümşüdov deyir:
–Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qeyd olunduğu kimi, meyvə-tərəvəz istehsalı ölkə üçün həm məş-ğulluğun artırılmasında, həm aqrar istehsalda əlavə dəyərin yaradılmasında, həm də ixrac potensialının yüksəldilmıəsində faydalıdır. Lakin təcrübə göstərir ki, artıq köhnə üsullarla işləmək nə kəndliyə, nə də bütövlükdə dövlətimizə fayda verir. İntensiv əkinçiliyə keçməyin zamanıdır. Bu üsulları öyrənərək mütərəqqi texnologiyaları təsərrüfatımda tətbiq edirəm. Gələcəkdə Dövlət Proq-ramının yerinə yetirilməsinə töhfə vermək üçün daha çox yeniliklərdən istifadə edəcəyik.
Bölgələrdə kənd təsərrüfatının inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun artırılmasında emal müəssisələrinin üzərinə böyük vəzifələr düşür. Tərtərdə fəaliyyət göstərən “PATRON” MMC-nin maliyyə direktoru Emin Məmmədov deyir ki, müəssisənin gələcək fəaliyyətini yeni Dövlət Proqramından irəli gələn vəzifələrə uyğun qurmaq üçün bütün qüvvələr səfərbər olunub.
Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev deyib: “Bu gün bizim 1500 hektarı əhatə edən istixanalarımız var, 500 hektar əlavə olunmalıdır. Əlbəttə ki, biz burada da, ilk növbədə, özəl sektorun fəaliyyətinə arxalanırıq”. Dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu günlərdə rayonun Soyulan kəndi ərazisində fermer Zəfər Nəsirovun istixana kompleksində olub. Təsərrüfatın gələcək fəaliyyəti istiqamətləri və istehsl potensialının genişləndirilməsi imkanları müzakirə edilib.
Hazırda ərazisi 2 hektar olan kompleksin 1 hektarında istixana təsərrüfatı yaradılıb. Gələcəkdə kompleksin ərazisinin 3 hektara çatdırılması planlaşdırılıb. Burada qazanxana, su anbarı, inzibati bina, anbarlar inşa edilib. İstixanada müasir avadanlıq-lar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksdə ha-zırda 10 nəfər daimi, 25 nəfər isə mövsümi işlə təmin edilib. İllik istehsal gücü 200 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor istehsal edilir. Bu məhsul hazırda daxili bazara çıxarılır, gələcəkdə xarici bazara da ixracı nəzərdə tutulub.
2026-2030-cu illəri əhatə edəcək proqramda qarşıya qoyulan vəzifələrdən biri də ölkəmizi ət, süd, quş əti ilə 100 faiz təmin etməkdir. Hazırda bu, 80-90 faiz səviyyəsindədir.
Müşavirədə qeyd olunub ki, heyvandarlıq sektorunun qarşısında duran əsas çağırışlardan biri məhz məhsuldarlıqdır. Çünki heyvandarlıqda məhsuldarlıq bu gün aşağıdır. Ölkə üzrə sürüdə cins heyvanların sayı cəmi 2,5 faiz təşkil edir. Əgər ailə təsərrüfatında yerli bir cins inək ildə 1800 litr süd verirsə, intensiv təsərrüfatlarda bir inək başına məhsuldarlıq 7500 litrdir, hətta bəzi təsərrüfatlarda 10 min-12 min litrə çatır. Eyni mənzərə mal əti istehsalında da mövcuddur.
Tərtər rayonunda son illər sahibkarlar arasında cins heyvanların saxlanılmasına maraq artıb. Hazırda cins mallardan ibarət bir neçə təsərrüfat fəaliyyət göstərir. Bunlardan biri Poladlı kəndində “Azərbaycan Bayrağı” ordenli Elnur Salahovun atası fermer Elbrus Salahovun heyvandarlıq təsərrüfatıdır. Təsərrüfatda 75 baş iribuynuzlu mal saxlanılır.
Elbrus Salahov bildirdi ki, dövlət tərəfindən verilən subsidiyalardan, güzəştli kreditlərdən səmərəli istifadə edərək Dövlət Proqramına uyğun olaraq, təsərrüfatda məhsuldarlığın artırılması və cins tərkibinin yaxşılaşdırılmasına nail olmağı qarşıya məqsəd qoyub.
Ümumilikdə isə rayonda 33 min 334 baş iribuynuzlu mal-qara mövcuddur. Bunlardan 13 min 490 başı inək və camışlar ( ana mal) təçkil edir. Xırdabuynuzlu heyvanların sayı isə 42 min 208 başdır. Bunlardan 41 min 358 ba-şı qoyun, 850 başı isə keçilərdir. Ötən il rayonda 3731,6 ton ət (kəsilmiş çəkidə), 25588,8 ton süd istehsal edilib.
Tərtər rayonu bitkiçilik sahəsində də ildən-ilə uğurlar qazanır. Ancaq yeni Proqram ayrı-ayrı fermerlərin deyil, bu sahə ilə məşğul olan hər bir pambıqçının, taxılçının yüksək məhsuldarlığa nail olmasını nəzərdə tutur.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu barədə deyir.
–Kiçik ailə təsərrüfatları toxum seçimində, aqrotexniki tədbirlərin həyata keçirilməsində çox geri qalırlar. Onların nəticələri iri fermerlərin əldə etdikləri göstəricilərdən qat-qat aşağı olur və rayonun ümumi işinə təsir edir. Gələcəkdə bütün bunlar nəzərə alınacaq. Bu, həm əhalinin özünün həyat səviyyəsini yüksəldəcək, həm də bütövlükdə kənd təsərrüfatının inkişafı sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsinə kömək edəcək.
Qarşıda görüləsi işlər çoxdur.
Torpaq sahələrini genişləndirmədən kənd təsərrüfatının hər bir sahəsində daha çox məhsul əldə etmək üçün yollar axtarılır, imkanlar səfərbər edilir.


SVETLANA BAĞIROVA

