CƏSARƏT NÜMUNƏSİ
Azərbaycan xalqı tarix boyu Vətənin müdafiəsi uğrunda canından və sağlamlığından keçən igid oğul və qızları ilə fəxr etmişdir. Bu qəhrəman insanlar arasında qazilər xüsusi yer tutur. Onlar Vətən uğrunda döyüşlərdə iştirak edərək sağlamlıqlarını qurban vermiş, lakin ruh yüksəkliyini və vətənpərvərlik hisslərini heç zaman itirməmişlər. Bu gün haqqında söhbət açdığımız qazi də məhz belə qəhrəmanlardan biridir.
Paşazadə Amid İlham oğlu 10 avqust 1995-ci ildə Tərtər rayonunda anadan olmuşdur. O, ilk təhsilini Tərtər rayon Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbində almış, məktəb illərində çalışqanlığı, intizamı və vətənpərvərliyi ilə seçilmişdir. Təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Tibb Universitetinin hərbi tibb məktəbinə daxil olmuş və seçdiyi ixtisas üzrə bilik və bacarıqlarını inkişaf etdirmişdir. Ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayan Amid Paşazadə gizir rütbəsi hərbi feldşer ixtisası üzrə Naxçıvan Əlahiddə ümumqoşun ordusunun “N” saylı hərbi hissəsinə təyinatla göndərilmişdir. Naxçıvan Əlahiddə ümumqoşun ordusunda həmin ildən etibarən 5 il müxtəlif hərbi hissələrdə öz ixtisası üzrə xidmət etmişdir. O, hər zaman Vətənə xidmət etməyi özünün ən müqəddəs borcu hesab etmişdir.
Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Amid Paşazadə böyük şücaət və qəhrəmanlıq nümunəsi göstərmişdir. 2020-ci il Tovuz döyüşləri zamanı könüllü olaraq öz istəyi ilə Beyləqan rayonu “N” saylı hərbi hissəsinə göndərilmişdir. Tovuz döyüşlərindən sonra 2020-ci il sentyabrın 27-də ll Qarabağ savaşı başlayarkən Füzuli rayonunun Alxanlı kəndi istiqamətində gedən döyüşlərə qatılmışdır. Sentyabrın 27-dən etibarən öz ixtisasına uyğun olaraq yaralılara döyüş meydanında ilk tibbi yardımın göstərilməsi və şəhidlərin döyüş meydanından çıxarılması üçün tibb xidmət giziri olaraq fəal iştirak etmişdir.
Sentyabrın 29-da Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə yaralıları döyüş meydanından təxliyə edərkən özü mənfur düşmənin yerləşdirdiyi piyada əleyhinə minaya düşmüşdür. Qazimiz bu 3 gün ərzində yüzlərlə yaralıya vaxtında ilkin tibbi yardım göstərmiş, onların döyüş meydanından çıxarılmasına nail olmuşdur.
Döyüşlər zamanı göstərdiyi qəhrəmanlıq, cəsarət və fədakarlığa görə Amid Paşazadə dövlət tərəfindən bir sıra me-dallarla təltif edilmişdir. O, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçı-sı”medallarına layiq görülmüşdür. Bu təltiflər onun Vətən qarşısındakı xidmətlərinin yüksək qiymətləndirilməsinin göstəricisidir.
Qazimizin keçdiyi həyat yolu gənc nəslə vətənpərvərlik, cəsarət və fədakarlıq dərsi verir. Onun göstərdiyi qəhrəmanlıq sübut edir ki, Vətən sevgisi hər bir çətinliyə qalib gəlməyə qadirdir. Bu gün o, cəmiyyətimizdə hörmətlə qarşılanır və öz fəaliyyəti ilə insanlara nü-munə olmağa davam edir.
Qəhrəman qazilərimiz Azərbaycanın qürur mənbəyidir. Onların fədakarlığı sayəsində ölkəmiz müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamışdır. Biz də öz növbəmizdə onların xidmətlərini daim yüksək qiymətləndirməli, gələcək nəsillərə tanıtmalı və qəhrəmanlıq tarixlərini yaşatmalıyıq.
Nəticə olaraq qeyd etmək olar ki, Amid Paşazadənin həyat yolu vətənə sədaqətin, cəsarətin və iradənin bariz nümunəsidir. Belə qəhrəmanların göstərdiyi şücaət Azərbaycan tarixində daim yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır.
Əfşanə ƏLİZADƏ,
Tərtər rayon İcra Hakimiyyətində
Könüllü, gənc jurnalist

