RÖVŞƏNİN YARIMÇIQ QALMIŞ UŞAQLIĞI
Müharibə! Bəlkə də, bəşər övladının eşidə biləcəyi ən dəhşətli, ən qorxunc söz elə budur. Müharibə elə dağıdıcı bir gücə sahibdir ki, hətta qalib olanlar da illərlə onun ağır təsirindən çıxa bilmir. Can, mal itkisi ilə yanaşı, ruha dəyən mənəvi ziyanlar belə uzun illər unudulmur, unudula bilmir.
Çox təəssüflər olsun ki, müharibələrdə böyüklərlə bərabər uşaqlar da, azyaşlılar da travmalar alır, əlil və həlak olurlar. Bizim qəhrəman Tərtərin də azyaşlıları belə bir faciələri yaşayıblar.
Haqqında danışacağım Qurbanov Rövşən Qurban oğlu o uşaqlardan biri olub. Rövşəngil Ağdərə şəhərində yaşayırdılar. Mənfur ermənilər bizə qarşı torpaq iddiasına başlayanda, onlar Tərtər şəhərinə məcburi köçkün kimi gəldilər. Atası Qurban kişi çox zəhmətkeş bir insan idi. Mehdi Hüseynzadə küçəsində ucuz qiymətə satılan taxta konstruksiyalı bir fin evi alıb, orada yaşamağa başladılar. Xalq arasında belə evlərə “taxta evlər” deyilir. Ancaq erməni vandallarının mənfur əlləri burada da bu başı-bəlalı ailənin yaxasından əl çəkmədi. 1991-ci ildə ermənilərin rayonumuza atdıqları “Alazan” tipli raketlərin hamısı bu küçəyə, bunlardan biri isə körpə uşaqların az öncə dağılışdıqları həyətə düşdü.
Düzdür, Rövşəngilə qəlpə dəymədi, amma ev quşlarının hamısı parça-parça oldu. Camaat məcburən rayon mərkəzindən arxada yerlə-şən kəndlərə çəkilirdi ki, atılan top, raket mərmiləri əsasən qadın və uşaqları həlak etməsin. Rövşəngil rayonu tərk etmədilər. Bu az-yaşlı uşaqda qəribə bir təpər, qorxu nədir bilməyən bir xüsusiyyət vardı. Ancaq çox heyif ki, amansız ölüm, özü də faciəli ölüm 13 yaşlı Rövşəndən yan ötmədi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində düşmənlərdən qənimət olaraq ələ keçirilən hərbi sursatlar, toplar, raket qurğuları və müxtəlif çaplı mərmilər 96 saylı texniki peşə məktəbinin həyətinə yığılmışdı. İlk günlər nəzarətçi, növbətçi əsgərlər olsa da, sonradan onlar da dö-yüşlərə yollandı və beləliklə bütün bu ölüm saçan sursat nəzarətsiz qaldı. Cəbhə bölgəsinin uşaqları adətən belə yerlərə maraq göstərirlər. Biz hamımız dəstə-dəstə gedirdik ora, o toplarla, raket qurğuları ilə əylənirdik. Faciə baş verən gün o ərazidən keçərək evimizə gedirdim. 1993-cü il fevral ayının 6-sı idi. Şıxəli Qurbanov küçəsini keçib öz küçəmizə, Mehdi Hüseynzadəyə çatırdım. Qəfil mərkəz tərəfdən çox dəhşətli bir partlayış səsi gəldi. Arxaya döndüm. Məndən arxada gələn bir qız uşağı da eynən mənim kimi arxaya dönüb səs gələn tərəfə diqqət edirdi. Məlum olan bu idi ki, partlayış yerdə baş vermişdi. Yəni ermənilərin atdığı deyildi bu. Məsələ belə olmuşdu: Rövşən və bir neçə sinif yoldaşı orada olan mərmilərə toxunanda partlayış baş vermiş və ən yaxında olan Rövşənin həyatına son qoymuşdu. Beləcə erməni vəhşiliyinin daha bir qurbanı olaraq tarixə düşdü Rövşən. Qəbri Tərtər şəhər qəbiristanlığındadır.
Saleh ƏDİLOV

