Maraqlı yaşamaq üçün yaş mane deyil
İnsan taleləri müxtəlifdir, fərqlidir. Ancaq bu talelərdə ümumi bir cəhət var: həyat yolları heç də həmişə hamar olmur. Hər bir ailənin qismətinə sınaqlar, mərhumiyyətlər düşür.
Evoğlu kəndinin sakini İsgəndər İbrahimov deyir ki, onun nəsli Cənubi Azərbaycandandır. Babası İbrahim kişi 1914-cü ildə Tərtərə gəlib və burada məskunlaşıb. Lakin yenə də həyatları rahat olmayıb. 1937-ci ildə ailə Stalin repressiyasının qurbanı olub və Qazaxıstana sürgünə göndərilib. Atası ilə anası elə burada evləniblər. İsgəndər kişigilin ailəsindəki 10 uşağın 5-i sürgündə olarkən dünyaya gəlib, sonradan onlar bəraət alıb Azərbaycana qayıdıblar. 5 uşaq da vətəndə doğulub.
Ağsaqqal deyir:
-On uşağı böyüdüb boya-başa çatdırmaq asan iş deyildi. Amma rəhmətlik valideynlərimiz çox zəhmətkeş olduqları üçün, bunu bacardılar. Biz də onlara baxıb əməyi sevdik, həyatda halal zəhmətlə yaşamağı öyrəndik. İndi hər birimizin övladları, nəvə və nəticələri var. Hamı bir yerə yığışanda, həyətə sığışmırıq. Bu, böyük xoşbəxtlikdir.
İsgəndər kişinin dediklərinə onu da əlavə edək ki, o, mebel ustasıdır. Övladlarına da öz peşəsini öyrədib. Deyir ki, sənətkara həmişə camaat arasında ehtiyac olur. Sənətini bilən və məsuliyyət hissi ilə çalışan insan heç vaxt ac qalmır.
O, ağac üzərində oyma sənəti ilə də məşğul olur. Rayonda keçirilən bayram şənliklərində nümayiş etdirdiyi əl işləri diqqəti cəlb edir və bəyənilir, hətta bu işlər 2000-ci ildə el sənətkarlarının respublika müsabiqəsində göstərilib.
El sənətkarı həm də yabanı bitkilərin becərilməsinə və toplanmasına, müxtəlif xəstəliklər zamanı onlardan istifadə edilməsinə maraq göstərir.
O deyir ki, yaşamaq üşün yaş maneə deyil. Əsas odur ki, günlərin maraqlı və mənalı keçsin. Bu isə hər kəsin öz əlindədir.
“YENİ TƏRTƏR”

