Yeniliklərin təbliğində, qabaqcıl təcrübənin yayılmasında “Yeni Tərtər”in yeni missiyası
Milli mətbuatımızın banisi olan Həsən bəy Zərdabi Azərbaycan xalqının maariflənməsi yolunda böyük çətinliklərdən keçmiş, lakin bir an belə əqidəsindən dönməmişdir.
Həsən bəy Zərdabi xalqını zülmətdən xilas etmək üçün 1875-ci il iyulun 22-də Bakıda Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə nail olmuşdur. 1877-ci ilin 29 sentyabrına qədər çap olunan qəzet ayda 300-400 tirajla nəşr edilmiş, 56 nömrəsi işıq üzü görmüşdür.
Lakin bu az müddət də insanların şüurunda dəyişiklərin baş verməsi üçün kifayət etmişdir.
Azad sözün rolunu həmişə yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev milli mətbuatımızın inkişafında yeni mərhələnin başlanğıcını qoydu.
Ümummilli Lider mətbuatın problemlərinin həlli ilə bağlı onlarla Fərman və Sərəncam imzalayıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140, 150 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması, bu münasibətlə media nümayəndələrinin təltif edilməsi dövlətimiz tərəfindən jurnalistlərin əməyinə verilən yüksək qiymətdir.
92 illik şərəfli bir tarixi olan “Yeni Tərtər” qəzeti də möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətini daim öz üzərində hiss edir.
Hazırda Prezident İlham Əliyevin bölgələrdə kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi məqsədilə rayonumuzda genişmiqyaslı işlər həyata keçirilir. Rayonumuzun güzgüsü olan qəzet görülən işləri doğru-dürüst işıqlandırmaqla yeniliklərin təbliğində, qabaqcıl təcrübənin yayılmasında bu mühüm işə töhfə verməyə çalışır.
Əlbəttə, bugünkü informasiya bolluğu şəraitində çap mediasına maraq xeyli azalıb. Tirajımız da kəskin surətdə aşağı düşüb. Bununla yanaşı işıqlı ziyalıların, ilk növbədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun mət-buata göstərdiyi diqqət və qayğısı sayəsində, kiçik tirajla da olsa, “Yeni Tərtər” ayaqda qalmaqda davam edir.
Onu da qeyd etmək istərdik ki, icra başçısının qayğısı qəzetimizlə bərabər rayon həyatının bütün sahələrini əhatə edir. O, daim şəhid ailələrinin, qazilərin yanındadır, fermerlərlə birlikdə məhsulun taleyinə görə narahatdır, problemləri öyrənir və aradan qaldırılmasına kömək edir, hər bir yenilikdən xəbədardır, qabaqcıl təşəbbüsləri dəstəkləyir. Rayonumuzun maraqlı və qaynar həyatı isə “Yeni Tərtər”də öz əksini tapır və tarix kimi onun səhifələrində yaşayır.
Hazırda rayonda yeni fermerlər, sahibkarlar nəsli formalaşır. Böyük işlər görülür. Bu insanların reklama, təbliğata ehtiyacı var. Onlar öz reklamlarını məhz “Yeni Tərtər”də yerləşdirsələr, işlərinə müsbət təsiri olar.
Rayonumuzn yeganə mətbu orqanı kimi, “Yeni Tərtər” bundan sonra da qəhrəman Tərtərin tarixini yazmaqda davam edəcək, “düzü düz, əyrini əyri” göstərməyə çalışacaq.
“YENİ TƏRTƏR”

