Müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ərazi bütövlüyünün baş qarantı olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 108 il ötür. Bu gün qürurla qeyd etdiyimiz 26 İyun – Silahlı Qüvvələr Günü, sadəcə təqvim bayramı deyil, tarixi ədalətin bərpa olunduğu, Azərbaycan əsgərinin sarsıdıcı gücünün bütün dünyaya nümayiş etdirildiyi şərəf günüdür. Ulu Öndər Heydər Əliyevin hələ 1996-cı ildə vurğuladığı kimi, ordu mövzusu, ordunun yaranması və formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, çünki xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir.
Azərbaycan Silahlı Qüvvələrinin inkişaf tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Hələ SSRİ dönəmində, 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Ulu Öndərin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu və bu məktəb azərbaycanlı gənclərin hərb sənətinə marağının artmasında əvəzsiz rol oynadı. 90-cı illərin əvvəllərində müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalan, başıpozuq silahlı dəstələrin meydan suladığı bir vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev həmin nizamsız qüvvələri ləğv edərək mütəşəkkil, vahid komandanlığa tabe olan nizami ordu quruculuğuna start verdi. Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilməyə başlandı. Heydər Əliyev hərbi təhsil sisteminin inkişafı üçün 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayaraq milli kadr ehtiyatının formalaşmasını keyfiyyətcə yeni inkişaf mərhələsinə qaldırdı.
Ulu Öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələblərinə uyğun olaraq dahi rəşadətlə davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu bu gün regionun ən qüdrətli, dünyanın isə ilk 50 ən güclü ordusu sırasındadır. Ali Baş Komandanın qeyd etdiyi kimi, 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə Cümhuriyyət qurucuları ordumuzun bu gün dünyanın ən güclü orduları sırasında olacağını bəlkə də təsəvvür edə bilməzdilər. Dövlətin iqtisadi qüdrəti birbaşa ordunun güclənməsinə yönəldilmiş, dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 2025-ci ildə 8 milyard 396,3 milyon manat, 2026-cı ildə isə 8 milyard 714,8 milyon manat vəsait ayrılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış milli hərbi sənaye kompleksi hesabına hazırda ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul, müxtəlif növ hərbi texnika, zirehli maşınlar və pilotsuz uçuş aparatları istehsal olunur və bu məhsullar beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bununla yanaşı, hərbi qulluqçuların sosial müdafiəsi də daim diqqətdə saxlanılır; fərmana uyğun olaraq 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçu dövlət tərəfindən mənzillə təmin olunub, 2025-ci il yanvarın 1-dən maaşlar orta hesabla 10 faiz artırılmış və 2026-cı ilin mart ayında da yeni sosial tədbirlər görülmüşdür.
Azərbaycan Silahlı Qüvvələri öz döyüş qabiliyyətini və sarsıdıcı gücünü addım-addım döyüş meydanında sübut etdi. Rayonumuzun da yaxından şahidlik etdiyi 2016-cı ilin Aprel döyüşlərində düşmən təxribatına cavab olaraq Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Bundan iki il sonra, 2018-ci ilin mayında qazanılan Günnüt zəfəri ilə Naxçıvanda 11 min hektardan artıq ərazi düşməndən təmizləndi və dövlət sərhədi boyunca əlverişli mövqelər nəzarətə götürüldü. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz bir addım da geri çəkilməyərək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi, noyabrın 10-da imzalanan bəyanatla isə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana təhvil verildi. 2023-cü il sentyabrın 19-da Qarabağda erməni silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başlanan və cəmi 23 saat 43 dəqiqə sürən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılar ağ bayraq qaldırmağa məcbur oldu və ölkəmizin suverenliyi tam bərpa edildi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunda bir dənə də olsun fərarinin olmaması, yaralı əsgərlərimizin tezliklə döyüşə qayıtmaq üçün həkimlərə yalvarması əsgərimizin yüksək vətənpərvərlik ruhunun ən ali təcəssümüdür. Bizim tətbiq etdiyimiz döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunaraq ABŞ Hərbi Akademiyası, Pentaqon və digər qabaqcıl qərb mərkəzləri tərəfindən dərsliklərə salınaraq öyrənilir; ekspertlərin rəyinə görə, ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı.
Şanlı qələbədən sonra Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində islahatlar daha da sürətləndi. Tarixi Şuşa Bəyannaməsi ilə iki qardaş ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi və birgə fəaliyyət qabiliyyətinin artırılması rəsmiləşdi. Hərbi təhsil sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı, onun tabeliyində hərbi elmi-tədqiqat və idarəetmə institutları, həmçinin Bakı, Gəncə və Naxçıvan hərbi kollecləri təsis olundu. Gənclərin hərbi təhsilə marağını artırmaq üçün kursantlara birdəfəlik və aylıq yüksək təqaüdlər müəyyən edildi, hərbi təhsil proqramları təkmilləşdirilərək xarici dillərin, o cümlədən 2025-ci ildən italyan dilinin tədrisinə başlanıldı. Müharibə təcrübəsi əsasında çevik və çətin şəraitdə tapşırıq icra edə bilən yeni Komando Qüvvələri yaradıldı. Eyni zamanda, Pakistan İslam Respublikası ilə imzalanmış “İkitərəfli Hərbi Əməkdaşlıq Planı” uğurla icra olunur və 2024-cü ildə müasir çoxməqsədli JF-17C (Block-III) təyyarələri hərbi hava qüvvələrimizin arsenalına daxil edilib. Müharibə dövründə tanklarımızın modernizasiyasında və qələbənin qazanılmasında mühüm rol oynayan pilotsuz uçuş aparatları və radarların alınması istiqamətində İsrail dövləti ilə dinamik hərbi əməkdaşlıq da yüksək səviyyədə davam edir. Bu gün Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur, azad edilmiş şəhərlərdə İşğal və Zəfər muzeyləri ucalır. 2025-ci il noyabrın 8-də Bakıda açılan Zəfər muzeyi və Zəfər parkı bu şanlı tarixi və şəhidlərimizin əziz xatirəsini əbədi yaşadır.
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevi və rəşadətli Azərbaycan Ordusunun hər bir əsgər və zabitini ürəkdən təbrik edir, şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləyirik. Silahlı Qüvvələr Günümüz Mübarək!

