Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti məsul şəxslərlə birlikdə rayonda baramaçılığın inkişafı, həmçinin cari mövsümdə görülən işlərlə yaxından tanış olmaq məqsədilə Seydimli və Hacıqərvənd kəndlərində olub.
Rayon rəhbəri Seydimli kəndində kümçü Əliyev Əmrah İsaxan oğlunun və Hacıqərvənd kəndində İsmayılov Atamoğlan İsrəfil oğlunun təsərrüfatlarına baş çəkərək, barama qurdlarının bəslənilməsi və saxlanılması vəziyyəti ilə maraqlanıb, yaradılmış mövcud şəraitlə yaxından tanış olub.
Kümçülərlə söhbət zamanı icra başçısı vurğulayıb ki, möhtərəm Prezident İlham Əliyevin kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həyata keçirilən bu layihələr kənd yerlərində məşğulluğun artırılmasına xidmət edir. O qeyd edib ki, bu gəlirli sahə əhalinin maddi rifahının yüksəldilməsinə, ailə büdcələrinin genişlənməsinə və kənd təsərrüfatının potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İcra başçısı təsərrüfat rəhbərlərinə barama qurdlarının bəslənilməsində aqrotexniki qaydalara ciddi əməl olunması, temperatur və rütubət rejiminin daim nəzarətdə saxlanılması barədə müvafiq tövsiyələrini verib. Bildirib ki, ipəkqurdlarının son inkişaf mərhələsində yemləmə prosesinə daha çox diqqət ayrılmalı və keyfiyyətli məhsul əldə etmək üçün mövcud imkanlardan maksimum səmərəli istifadə olunmalıdır. Tərtər baramasının hər zaman öz yüksək keyfiyyəti ilə seçildiyini xatırladan rayon rəhbəri kümçülərə cari mövsümdə bol məhsul və uğurlar arzulayıb.
Görüşdə kümçülər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya, yaradılan əlverişli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

