Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,075
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09İyn

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda fəaliyyət göstərən “Frutti Agro” MMC-də olub.

    Rayon rəhbəri müəssisənin direktoru Zaur Əliyevlə birlikdə fəaliyyət göstərən intensiv meyvə bağlarına baxış keçirib, gələcəkdə görüləcək işlər və istehsal potensialının genişləndirilməsi barədə geniş fikir mübadiləsi aparıb. Məlumat verilib ki, müasir standartlara uyğun qurulan “Frutti Agro” MMC-nin ümumi əkin sahəsi 315 hektardır və bu sahənin 175 hektarını xurma, 70 hektarını nektarin, 44 hektarını şaftalı, 16 hektarını əncir, 10 hektarını isə ərik bağları təşkil edir. Rayonun məşğulluğuna mühüm töhfə verən müəssisədə hazırda 60 nəfər daimi, mövsüm zamanı isə 200 nəfər yerli sakin işlə təmin olunur. Müəssisədə su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkisinin qarşısının alınması məqsədilə müasir tələblərə cavab verən mütərəqqi avtomatlaşdırılmış damlama suvarma sistemi qurulub. Eyni zamanda, ərazidə suvarma suyunun fasiləsizliyini təmin etmək üçün 4 hektar sahədə tutumu 200 min kubmetr olan xüsusi süni göl yaradılıb ki, bu da bitkilərin vegetasiya dövründə optimal su təminatına tam zəmanət verir.

    Görüş zamanı rayon rəhbərinə bildirilib ki, cari ildə həyata keçirilən aqrotexniki qulluq nəticəsində təsərrüfatda olduqca bol və keyfiyyətli məhsul əldə edilib. Lakin son günlər bölgədə qeyri-sabit keçən hava şəraiti, yağan güclü leysan yağışları və dolu nəticəsində meyvə bağlarına və ümumi təsərrüfat sahəsinə ciddi ziyan dəyib. Buna baxmayaraq, sahibkar vaxtında düzgün addım ataraq təsərrüfatını Aqrar Sığorta Fondu vasitəsilə sığortalatdığı üçün dəymiş maddi ziyan fond tərəfindən qısa müddətdə tam şəkildə qarşılanacaq və kompensasiya ödəniləcəkdir. Bu isə təsərrüfatın fəaliyyətinin dayanıqlılığına və növbəti mövsümə itkisiz hazırlaşmasına şərait yaradır.

    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda kənd təsərrüfatının daha da dinamik inkişaf etdirilməsi, ənənəvi sahələrlə yanaşı belə yüksək məhsuldar intensiv bağçılığın genişləndirilməsi barədə öz tövsiyələrini verib. Rayon rəhbəri qeyd edib ki, müasir aqrar texnologiyaların təsərrüfatlara tətbiqi həm su ehtiyatlarına qənaət edilməsi, həm də daxili və xarici bazarlara rəqabətədavamlı, ekoloji təmiz meyvə məhsullarının çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. O, rayonda fəaliyyət göstərən digər sahibkarların da bu cür innovativ təcrübələrdən yararlanmasının vacibliyini önə çəkib.

    Eyni zamanda, rayon rəhbəri aqrar sığortanın dövlət tərəfindən dəstəklənməsinin fermerlərin iqlim risklərindən və təbii fəlakətlərdən qorunmasında müstəsna rolunu bir daha vurğulayaraq, bütün fermerləri və torpa mülkiyyətçilərini öz təsərrüfatlarını vaxtında sığortalamağa çağırıb.

    Sonda müəssisənin direktoru Zaur Əliyev sahibkarlığın, xüsusilə kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

     

    Müəllif: Redaktor, 08:52

İsmarıclar bağlıdır.