Əziz xanımlar, ana və bacılar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan qadını tarix boyu öz saflığı, müdrikliyi, əxlaqı ilə fərqlənmişdir. O, həmişə mənəvi təbiətinə sadiq qalaraq ucalığını layiqincə qoruyub saxlamış, özünün işgüzarlığı, zərifliyi və ülviliyi ilə adını tarixin səhifələrinə yazmışdır. Nənələrimiz, analarımız əsrlərdən bəri milli-əxlaqi dəyərlərimizi müqəddəs bilmiş, adət və ənənələrimizi yaşadaraq mürəkkəb dövrlərin sınaqlarından keçmişlər. Bu gün Azərbaycan qadını mədəniyyətin, incəsənətin və elmin bütün sahələrində özünün hərtərəfli səviyyəsi və intellektual potensialı ilə nüfuz qazanmışdır. Fərəhləndirici haldır ki, nəsillərin varisliyinin təmin olunmasında gənc xanım və qızlarımız layiqli davamçılardır.
Məmnuniyyət hissi ilə demək istəyirəm ki, müstəqil Azərbaycanın qazandığı bütün uğurlarda respublikamızın qadınları kimi bizim tərtərli qadınların da misilsiz xidmətləri vardır. Yola saldığımız bütün uğurlu illərdə siz tərtərli xanımlar ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və təhsil-səhiyyə sahələrində kişilərlə bərabər fəal iştirakçı olmusunuz. Rayonumuzun yüksəlişində sizin də özünüzə məxsus payınız vardır. Siz erməni quldurları ilə müharibə illərində də öz sözünüzü demiş, qəhrəmanlıq və yenilməzlik nümunəsi olmusunuz. Bu bayram xalqımız üçün əhəmiyyətlidir ona görə ki, arxamızda dayanan ağıllı qadınlarımıza, müdrik və tədbirli analarımıza, qürurumuz olan bacılarımıza, namusu-muz və ləyaqətimiz sayılan qızlarımıza həsr olunub.
İnanıram ki, bundan sonra da rayonumuzun qadınları mədəni-mənəvi zənginliklərimizin yaşadılmasında, gənc nəslin milli ənənələrimizə, adətlərimizə sədaqət ruhunda tərbiyə olunmasında öz qayğılarını əsirgəməyəcəklər.
Bayramınız mübarək olsun!
-
09Mar
Müəllif: Redaktor, 12:16
Teqlər: Digər