Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,072
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08İyn

    Bu bəla arzuolunmaz yoluxucu xəstəlik,
    sağlamlığın və mənəviyyatın qənimidir

    Narkotik adətən beyin və sinir sisteminə təsir edən və istifadə edildikdə fiziki və ya psixoloji asılılıq yaradan maddələrə verilən ümumi addır. Bu maddələr ümumiyyətlə əyləndirici məqsədlərlə istifadə olunur, amma bu, onların sağlamlığa zərərli təsirini aradan qaldırmır. Narkomaniya insanların düçar olduğu çıxılmaz bataqlıqdır. Onu haqlı olaraq “ağ ölüm” də adlandırırlar. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 270 milyonu planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır. Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi ən ciddi və təhlükəli qlobal problemlərdən biri olmaqla, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, cinayətkarlığın artmasına səbəb yaradır, eyni zamanda, terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Bu baxımdan dünya dövlətlərinin əksəriyyətinin gündəliyində duran əsas məsələlərdən biri narkomanlığa və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı səmərəli mübarizənin təşkil edilməsidir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür.
    Bütün dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə sayılan narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bəşəriyyəti öz əsarətinə alıb. Narkotiklə mübarizə bütün dünyada olduğu kimi, Azərbaycanda da insanları düşündürən ən aktual məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün dövlət proqramı” adiyyəti dövlət orqanları tərəfindən icra olunub.
    Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyun ayının 26-nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Məhz həmin gün narkomaniyaya qarşı mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması ölkəmizdə də ümumxalq hərəkatına çevrilib.
    Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə Ümummilli Liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin “sosial bəlası” adlandırmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illəri əhatə edən narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram qəbul edilmiş, həmçinin xüsusi Dövlət Komissiyası yaradılmışdı. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata, siyasi proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə sahəsində dövlət orqanlarının qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etməsi, qarşılıqlı əlaqəli işləməsi təqdirəlayiq hesab edilməlidir. Narkomaniya bəşəriyyətin mübarizə apardığı arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın və mənəviyyatın qənimidir. Ona görə də hər kəs insanlığa bəla olan bu problemlə mübarizədə fəal olmalıdır.

    Azər Cəfərov,
    Tərtər rayon prokurorunun
    köməkçisi, III dərəcəli hüquqşünas

     

    Müəllif: Redaktor, 11:25

İsmarıclar bağlıdır.