Hərdən polis əməkdaşları ilə bərabər məktəblərimizdə olur, narkomaniya ilə mübarizə tədbirlərində iştirak edirəm. Bu zaman şa-girdlərimizin maraq dolu baxışlarını, bəyaz köynəklərini görüb düşünürəm ki, indi onların həyatı da bax beləcə bəmbəyaz, təmiz və safdır. Onların həyat kitabının ağ səhifələrinə “ağ ölüm” sözü yazılmayıb və Allahdan arzu edirəm ki, heç zaman yazılmasın.
Lakin hər şey arzuladığımız kimi olmur. Narkomaniya yalnız ölkəmizin, rayonunumuzun bəlası deyil, bəşəriyyətin məhvedici bir xəstəliyidir. Digər xəstəliklərdən fərqi budur ki, bundan qurtuluş ya mümkün deyil, ya da çox iradəli insanlar nadir hallarda ona qalib gələ bilirlər. Odur ki, maarifləndirmək, maariflənmək vacibdir.
Kim zəmanət verə bilər ki, başqasını da düşdüyü hala salmağa, yaxud hansısa bir yolla pul əldə etməyə cəhd edən narkotik alüdəçisi əllərini bu uşaqlara uzatmayacaq? Odur ki, yalnız narkomaniyaya qarşı mübarizə günündə deyil, elə hər gün, həmişə bu bəlanın yaxında olduğunu və ondan necə qorunmğın yollarını şagirdlərə öyrətmək vacib və xeyirxah bir vəzifədir.
Hal-hazırda rayonumuzda narkomaniyaya qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir. Bununla belə, həyəcan doğuran xəbərlər eşidirik. Bu bəlanın yaşı cavanlaşır, hətta nəinki uşaqlar, qadınlar da “ağ ölüm”ə düçar olurlar. Cəmiyyət olaraq hər kəs bu işdə öz üzərinə düşən vəzifəni yerinə yetirsə, yəqin ki, övladlarımızın ömür kitabına heç zaman “ağ ölüm” sözü yazılmayacaq.
Svetlana Bağırova

