Tufanlı dəniz kimi təlatümə dönmüsən,
Səni tanımaq olmur, doğrudan, bu sənmisən?
Sənə kim nə söyləyib, niyə qəzəblənmisən?
Bu nə sorğu-sualdır, bu nə yersiz axtarış?!
Məni özümdə axtar, məni özümdən soruş!
Yaman vaxtsız gəlişdir bu çək-çevir, bu yarış,
Məni özümdə axtar, məni özümdən soruş!
Axı özgə nə bilir, nələr düşüb araya?!
Pozulub münasibət, ağ qarışıb qaraya,
Mənə yetişmək üçün üz tutmusan haraya…
Bu nə sitəmdir səndə, bu nə hal, bu nə duruş?!
Məni özümdə axtar, məni özümdən soruş!
İstəmirəm ad olum özgələrin sözündə,
Bir nadana çevrilim yüz alçağın gözündə,
Dodağında min sual, heyrət donub üzündə.
Qəzəbin keçsin deyə, eşqimlə qayna-qarış,
Məni özümdə axtar, məni özümdən soruş!
Məni özümdən yaxşı kim tanıyar, kim bilər?!
Sənə ünvan verdimi soruşduğun kimsələr?!
Sevgimizə mənimtək kim uzlaşar, tən gələr?!