Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,061
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02İyn

    Müasir dünya iqtisadiyyatının və geosiyasətinin mühüm dialoq platformalarından sayılan Bakı Enerji Həftəsi, öz təməlini və tarixi əsasını vaxtilə ulu öndər Heydər Əliyevin uzaqgörən strategiyası ilə reallaşdırılan Xəzər Neft və Qaz Sərgisindən götürmüşdür. Prezident İlham Əliyev cənabları  açılış mərasimindəki çıxışında bu tarixi təkamül prosesinə xüsusi toxunaraq bildirdi ki, otuz il əvvəl əsası qoyulan bu sərgi müasir müstəqil Azərbaycanın enerji inkişafının və iqtisadi müstəqilliyinin bünövrəsini təşkil etmişdir. Zaman keçdikcə bu layihə təbii bir inkişaf yolu keçərək regional çərçivələri aşmış, əhatə dairəsini genişləndirmiş və bu gün qlobal miqyasda ən aktual mövzuların, irihəcmli investisiya müqavilələrinin müzakirə edildiyi möhtəşəm bir foruma çevrilmişdir. Dövlət başçısı builki tədbirin həm də rəmzi və çox mühüm bir yubileylə üst-üstə düşdüyünü vurğuladı.

    Azərbaycanın dünya miqyasında nümayiş etdirdiyi etibarlı tərəfdaşlıq imici və rəsmi Bakının təşəbbüskarı olduğu meqa-layihələrin qlobal çəkisi tədbir zamanı oxunan beynəlxalq təbrik məktublarında öz aydın ifadəsini tapdı.Möhtərəm Prezidentimiz  bu dəstəyə və tərəfdaşlığa görə təşəkkürünü bildirərək vurğuladı ki, Azərbaycan tərəfindən həyata keçirilən layihələr həm Şərqlə Qərb arasında nəqliyyat və enerji dəhlizlərini genişləndirir, həm də dövlətlərarası siyasi və iqtisadi etimadı möhkəmləndirir. Bu gün Bakı, qlobal iqtisadi böhranlar fonunda belə, beynəlxalq müqavilələrin şərtlərinə tam riayət edən və tərəfdaşlarının çətin anlarında onların enerji dayanıqlığını təmin edən qlobal bir mərkəz statusundadır.

    Cənab Prezident qeyd etdi ki, hamımız eyni planetin sakinləriyik, gələcək nəsillər üçün iqlimi qorumalı, daha təmiz və sağlam ətraf mühit yaratmalıyıq. Azərbaycan bu məsələdə birtərəfli və radikal yanaşmalardan uzaq duraraq, ənənəvi karbohidrogen ehtiyatlarının səmərəli idarə edilməsi ilə bərpaolunan enerji sahələrinin paralel inkişafını nəzərdə tutan unikal və balanslaşdırılmış iqtisadi inkişaf modelini dünyaya nümayiş etdirir.Ölkəmizin təbii qaz ehtiyatlarının zənginliyi həm daxili tələbatı, həm də ixrac coğrafiyamızı ən azı növbəti yüz il ərzində tam təmin etməyə imkan versə də, Azərbaycan dövləti gələcək inkişafını yaşıl enerji strategiyası üzərində qurur.

    Dövlət başçısı açılış mərasimində xüsusi olaraq qeyd etdi ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində uğurla tətbiq edilən yaşıl enerji zonası modeli artıq öz səmərəsini verməkdədir və bu təcrübə genişləndirilərək Naxçıvan Muxtar Respublikasında da tətbiq olunur, bura yaşıl enerji zonası elan edilir. Bu nəhəng bərpaolunan enerji resursları daxili istehlakı tam ödəməklə yanaşı, gələcəkdə Xəzər dənizindən birbaşa Avropaya uzanacaq strateji yaşıl enerji kabelləri və elektrik ötürücü xətləri vasitəsilə beynəlxalq bazarlara ixrac ediləcəkdir. Bakı Enerji Həftəsinin builki açılış mərasimini digər beynəlxalq forumlardan fərqləndirən əsas amil, onun təkcə nəzəri müzakirələrlə deyil, həm də strateji əhəmiyyətli praktiki addımlarla müşayiət olunması oldu.           Azərbaycanın enerji siyasətində baş verən ən böyük keyfiyyət dəyişikliklərindən birini də diqqətə çatdırdı. Əgər otuz il əvvəl Azərbaycan özünün neft və qaz yataqlarını işlətmək üçün xarici sərmayələri və beynəlxalq investorları ölkəyə cəlb etməyə çalışan bir dövlət idisə, bu gün düzgün qurulmuş daxili və xarici iqtisadi siyasət sayəsində Azərbaycan artıq özü qlobal müstəvidə fəal investora çevrilmişdir

    Yekun olaraq qeyd etmək istəyirəm  ki, İlham Əliyev cənabları  2026-cı il 1 iyun tarixli çıxışı, Azərbaycan dövlətinin strateji vizyonunu və milli maraqlarını qlobal miqyasda qorumaq qətiyyətini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.Azərbaycanı yaxın onilliklərdə də Avrasiyanın geosiyasi və iqtisadi xəritəsində əvəzedilməz, sabit və innovativ bir qlobal güc mərkəzi kimi saxlamağa davam edəcəkdir.

    Eldar Əsədov

    YAP Tərtər rayon təşkilatının sədri

     

    Müəllif: Redaktor, 11:44

İsmarıclar bağlıdır.