Bayramsayağı bəzədilmiş “Asiman” şadlıq sarayında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi. Rayonumuzun 52 minə yaxın qadınlar ordusunu burada şəhid anaları, ağbirçəklər, əməkdə və ictimai işlərdə fərqlənən qadınlar təmsil edirdilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ana və bacıları 8 Mart–Qadınlar Günü münasibəti ilə təbrik etdi. O göstərdi ki, Azərbaycan qadınlarının cəmiyyətimizdə qazandıqları yüksək mövqe, müxtəlif sahələrdə fəth etdikləri zirvələr bizim qürur mənbəyimizdir. Sürətlə qloballaşan dünyamızda qadınlar gənc nəslin milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişdirilməsində əllərindən gələni əsirgəmirlər.
Rayon rəhbəri qəhrəman Tərtər qadınlarının nailiyyətlərini də diqqətə çatdıraraq bildirdi ki, onlardan 181 nəfəri dövlət qulluqçusudur, 4-ü “Əməkdar müəllim” adına layiq görülüb , 2-si “Tərəqqi” medalı ilə təltif olunub.
Qadınların bir qrupuna Tərtər Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olundu.
Rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, Milli Qəhrəman Vəzir Orucovun anası Mahı Orucova, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, şəhid anasi Zelimə Əsədova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Mürsəlov, əlil qadınlar cəmiyyətinin sədri Tükəzban Əliyeva, rayon mərkəzi xəstəxanasının baş həkimi Yaşar Hüseynov, şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, ƏSMM-nın direktoru Emin Məmmədov ölkəmizdə qadınların tutduqları yüksək mövqedən danışaraq, onlara öz sevgi və ehtiramlarını bildirdilər.
Məclisdə qadınlara həsr olunmuş gözəl mahnılar, şeirlər səsləndi.
“Yeni Tərtər”