1 İyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Bu gün, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədilə 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır. Bugün Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq dövlət siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalamışdır.
Bugün ölkəmizdə uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır. Uşaqlara, xüsusilə, xəstə və kimsəsizlərə diqqət və qayğıdan söhbət açanda Heydər Əliyev Fon-dunun və fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki yorulmaz fəaliyyəti xüsusi vurğulanmalıdır.
Tərtər rayonunda da uşaqlara qayğı məqsədilə dövlətimizin həyata keçirdiyi tədbirlər əhali tərəfindən razılıq hissi ilə qarşılanır. Belə ki, Heydər Əliyev Fondu tərəfindən məktəblər, uşaq bağçaları tikilib istifadəyə verilib. Tərtər Olimpiya İdman Kompleksində, Şahmat məktəbində uşaqların hərtərəfli inkişafı üçün gözəl şərait var. Təsadüfi deyil ki, tərtərli gənc idmançılar təkcə respublika deyil, beynəl-xalq miqyaslı yarışlarda uğurla çıxış edirlər.
Rayonumuzun istedadlı uşaqlarının əl işlərindən rəsmlərindən ibarət sərgilərə, şahmat, üzgüçülük, futbol yarışları təşkil olunur, qaliblər rayon rəhbəri tərəfindən mükafatlandırılır. Bu isə öz növbəsində uşaqlarda yaradıcılığa, idmana, bədii qiraətə və digər sahələrə maraq oyadır.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonumuzun kəndlərində səyyar qəbul-görüşlər keçirərkən, həmin kəndlərdə fəaliyyət göstərən məktəblərdə olur, müəllim və şagird kollektivləri ilə görüşərək tövsiyələrini verir, onların problemlərini öyrənir. Bunun nəticəsidir ki, hər il rayon mərkəzi ilə yanaşı, kəndlərimizdən də imtahanlardan yüksək bal toplayan, olimpiadalarda yüksək nəticələr əldə edən şagirdlər bizləri sevindirirlər.
“Yeni Tərtər”


