Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,051
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May

    Məryəm Cavadova Böyük Vətən müharibəsi və sonrakı bərpa illərində rayonumuzda ən məşhur adamlardan biri sayılırdı. Daim kişilərlə çiyin-çiyinə çalışan, müxtəlif ali məclislərdə respublika və ümum-ittifaq səviyyəsində Tərtəri təmsil edən bu qadının elə özündə də kişi xüsusiyyətləri üstünlük təçkil edirdi. Mən onun haqqında yazmaq istəyəndə bütün tərcümeyi-hal xarakterli faktları əldə etmişdim.
    Öyrənmişdim ki, Məryəm xanım 1912-ci ildə Tərtər rayonunun Qazyan kəndində anadan olmuşdur. Kənddə ibtidai məktəbi, sonra Bakıda pedaqoji texnikumu bitirmişdi.
    Əmək fəaliyyətinə 1933-cü ildən Köçərli kəndindəki uşaq bağçasında tərbiyəçi kimi başlamış, elə bu kənddə də ailə qurub, isti, meh-riban bir ocağın sahibi olmuşdur. Böyük Vətən müharibəsi illərində Məryəm yaşadığı kənddə kolxoz sədri seçilmişdir.
    Onu tanıyanların hamısı bu qadının çox təzadlı, tərs xasiyyəti olduğunu, eyni zamanda insanları dolandırmağı bacardığını söyləyirlər. Amma təsadüf nəticəsində Məryəm xanım haqqında əsl həqiqətləri onu yaxından tanıyan, hətta biraz qohumluq əlaqələri olan texnika elmləri doktoru mərhum Rasim Axundovdan öyrəndim. Rasim müəllim redaksiyamızın qonağı idi. Vaxtilə yaşadığı Azadqaraqoyunlu kəndin-dən, bu kəndin insanlarından danışırdıq. Yaddaşında iz qoymuş şəxsiyyətlər arasında kolxoz sədri Məryəmin də adını çəkdi. Rasim müəllimin dediklərindən:
    – Müharibə illəri və bundan sonrakı bərpa dövrü, üstəlik də o rejmin sərt qanunları nəinki kişiləri, hətta qadınları da olduqca sərt-ləşdirirdi. Həddindən artıq tələbkarlıq, güzəştə getməmək– bunlar o zamanın tələbləri idi. Məryəm də belə idi. Onu at belində uzaqdan görən insanlar özlərini yığışdırırdılar. Bəzən bunlar çətinliklərdən doymuş insanları bezdirirdi: Məhz belə anların birində Məryəmi tüfənglə atmışdılar.
    Rasim müəllimin dediyinə görə, gülləni onun ürəyinə tuşlamışdılar, amma sol qoluna dəyib dağıtmışdı. O zaman Azadqaraqoyunluda həkim işləyən Fərrux bəy kənd şəraiti olmasına baxmayaraq, Məryəmin qolunu müalicə edir, sonra isə onu əməlli-başlı danlayır:
    –Belə olmaz axı, ay Məryəm! Pambığı da yığmalıyıq, taxılı da sonuncu dəninə qədər dövlətə təhvil verməliyik, amma unutmayaq ki, biz hər şeydən əvvəl insanıq və hər birimizin ürəyi var. Sən adamlara yaxşılıq etmək istəyirsən, onların dolanışığını təmin etməyə çalışırsan, amma bundan ötrü çoxlarının qəlbinə dəyirsən. Vaxt keçəcək, sənin qolunun yarası sağalacaq, amma kobud sözlərinlə, hərəkətlərinlə adamların ürəyinə vurduğun yara sağalmayacaq.
    Bu sözlərindən sonra Fərrux bəy gözləyirdi ki, Məryəm ondan inciyəcək və birdəfəlik çıxıb gedəcəkdir. Amma əksinə oldu. Səmimi sözlərilə həkim Məryəmin ürəyində gizlətdiyi hissləri oyatmışdı. Məryəm yuxudan qəfil diksinib qalxan adamlara oxşayırdı. Uzun illər ərzində qazandığı şanşöhrət, müxtəlif adlar, vəzifəli adamlarla oturub-durması, bütün bunlar onu xoşbəxt etmişdirmi? Birdən yeganə övaldı olan Minayə yadına düşdü, qeyri-ixtiyari səsləndi:
    –Fərrux bəy, mən sizinlə qohum olmaq istəyirəm.
    Deyilənə görə, sonralar o, həkimin oğlu Səlimi qucağına alaraq onlarla kirvə olmuşdur.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 10:30

İsmarıclar bağlıdır.