Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,051
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May

    Mingəçevir Dövlət Universitetinin beynəlxalq əlaqələrin genişləndirilməsi və tələbələrin inkişafına yönəlmiş təşəbbüslər çərçivəsində Səmərqənd Dövlət Universitetində təşkil olunan Beynəlxalq təcrübə proqramında iştirak etmək imkanı qazandım. Bu səfər həm elmi, həm də şəxsi inkişaf baxımından olduqca dəyərli və yadda qalan bir təcrübə oldu.
    Mingəçevir Dövlət Universiteti ilə Səmərqənd Dövlət Universiteti arasında imzalanmış qarşılıqlı akademik əməkdaşlıq memorandumuna əsasən, 2026-cı ilin 20–23 aprel tarixlərində universitetin bir müəllim və bir tələbədən ibarət nümayəndə heyəti Səmərqənd şəhərinə səfər etdi. Nümayəndə heyətində Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova və Ömürboyu Təhsil Məktəbinin “Turizm işinin təşkili” ixtisası üzrə V kurs tələbəsi kimi mən iştirak edirdim.
    Səfər çərçivəsində Şəbnəm İslamova “Azərbaycan Respublikası və Mingəçevir Dövlət Universiteti haqqında” mövzusunda təqdimatla çıxış etdi, eyni zamanda tələbələrə “Alternativ enerji mənbələrinin əhəmiyyəti” mövzusunda mühazirə keçdi. Mən isə “Qarabağ və Şərqi Zəngəzurun turizm coğrafiyasının inkişafı” və “Ölkə Prezidenti İlham Əliyev cənablarının Qarabağda turizm siyasəti” mövzularında slayd formasında təqdimatlarla çıxış etdim, həmçinin universitetdə keçirilən dərsləri dinlədim. Universitetdə Ulu Öndər Heydər Əliyev adına kabinetlə tanış oldum. Tələbələrə Azərbaycana qardaş ölkə olan Özbəkistan dövlətinin Fizuli şəhərində tikdiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi haqqında slayd formasında təqdimat etdim. Tələbələrin Qarabağ, Azərbaycan dahiləri, Azərbaycanın adət-ənənələri, Azərbaycanın turizm bölgələri haqqında suallarını cavablandırdım. Turizm sahəsi üzrə təhsil alan bir tələbə kimi, bu səfər turizmin praktik tərəflərini daha yaxından müşahidə etmək imkanı verdi. Xüsusilə turist axınının idarə olunması, bələdçi xidmətləri, turizm marşrutlarının planlaşdırılması və mədəni irsin qorunması istiqamətində görülən işlər dəyərli təcrübə oldu. Səmərqənddə turizmin inkişafında dövlət dəstəyinin və beynəlxalq əməkdaşlığın mühüm rol oynadığını aydın şəkildə müşahidə etdim. Bu təcrübəni Azərbaycanın turizm potensialı ilə müqayisə etdikdə görürük ki, ölkəmiz də zəngin tarixi, təbii və mədəni resurslara malikdir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin azad olunmasından sonra bu ərazilərdə turizmin inkişafı üçün geniş imkanlar yaranıb. Bu istiqamətdə həyata keçirilən layihələr, infrastrukturun yenilənməsi və yeni turizm marşrutlarının yaradılması gələcəkdə Azərbaycanın regionda mühüm turizm mərkəzlərindən birinə çevriləcəyini göstərir.
    Səmərqənd Dövlət Universitetində fəaliyyət göstərən Torpaqşünaslıq laboratoriyası, Zooloji muzey və Botanika bağı ilə yaxından tanış olduq. Bu, həm elmi, həm də praktiki baxımdan çox faydalı idi. Səfər zamanı universitetin rektoru Rüstəm Xalmuradovla görüşümüz də baş tutdu. Görüşdə universitetlərarası əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı səfərlərin davamlılığı və elmi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Bununla yanaşı, universitetin digər rəhbər şəxsləri ilə də görüşlər keçirildi və müxtəlif beynəlxalq seminar və tədbirlərdə iştirak etdik.
    Səfər müddətində beynəlxalq elmi mühitlə yaxından tanış olmaq imkanı əldə etdik. Xüsusilə Niderlanddan olan professor Kirsten de Beurs tərəfindən təqdim olunan seminar və Çin tədqiqatçılarının qrant layihələri üzrə təqdimatları çox maraqlı və faydalı oldu. Sə-fərin sonunda isə aktiv pedaqoji fəaliyyətimizə görə sertifikatla təltif olunduq.
    Özbəkistan Gənclər Təşkilatının sədri Allayor Norboyev mənə gənclər təşkilatının döş nişanını təqdim etdi.
    Bu səfər ümumilikdə qarşılıqlı akademik əməkdaşlığın genişləndirilməsi, elmi təcrübə mübadiləsinin gücləndirilməsi və regionlararası əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdi. Eyni zamanda, Səmərqənd şəhərinin zəngin tarixi – Əmir Teymur məqbərəsi, Ruhabad kompleksi və mədəni irsi ilə tanış olmaq dünyagörüşümüzün daha da genişlənməsinə səbəb oldu. Prezidenti İlham Əliyev cənablarının türk dövlət başçıları ilə birgə ağac əkdikləri Reqistan meydanını ziyarət etdik.
    Şəhid övladı və fəal tələbə kimi mənə göstərilən yüksək etimada və yaradılan bu imkana görə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminova dərin təşəkkürümü bildirirəm. Ömürboyu Təhsil Məktəbinin direktoru Vəfa xanım Məhərrəmovaya və müəllimlərimə minnətdaram. Mənə göstərilən bu diqqət və qayğı gələcək fəaliyyətimdə daha əzmlə çalışmağa və əldə etdiyim bilik və təcrübələri ölkəmizin inkişafı naminə istifadə etməyə böyük motivasiya verir.

    Səbuhi Kərimov,
    Mingəçevir Dövlət Universitetinin

    qiyabiçi tələbəsi, Mamırlı kənd tam

    orta məktəbinin coğrafiya müəllimi

    Müəllif: Redaktor, 10:05

İsmarıclar bağlıdır.