Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,033
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06May

    Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin 2026-cı il mayın 4-də Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər iki ölkə arasındakı münasibətlərin strateji zirvəsini və gələcək inkişaf modelini aydın şəkildə nümayiş etdirir.

    Dövlət başçısı bəyanatında ilk növbədə vurğuladı ki, 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu gün kağız üzərində deyil, real həyatda öz əksini tapır. Xanım Baş nazirin regiona səfəri çərçivəsində proqramını Ermənistanda bitirən kimi birbaşa Azərbaycana gəlməsi ölkəmizə olan xüsusi ehtiramın və strateji tərəfdaşlığın dərinliyinin rəmzi göstəricisidir. Bu addım Azərbaycan-İtaliya əlaqələrinin etibarlılığını bir daha sübut edir.

    İqtisadi müstəvidə İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması faktı, 12 milyard dollarlıq ticarət dövriyyəsi və enerji sahəsindəki sarsılmaz əməkdaşlıq xüsusi qeyd olunmalıdır.

    Azərbaycanın İtaliyanın neft və qaz təchizatında ikinci yerə yüksəlməsi Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu daha da möhkəmləndirir. Xüsusilə Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi vasitəsilə İtaliya bazarına ixrac edilən qaz həcminin artırılması perspektivi iqtisadi əlaqələrimizin onurğa sütununu təşkil edir.

    Münasibətlərin yeni müstəvisi olan hərbi-texniki əməkdaşlıq sahəsində İtaliya texnologiyası ilə Azərbaycan maliyyə vəsaitinin birləşməsi, birgə istehsalatın qurulması dövlətlərarası etimadın ən yüksək həddidir. Bununla yanaşı, Azərbaycan Dövlət Neft Fondunun son illər ərzində İtaliya iqtisadiyyatına qoyduğu təxminən 3 milyard dollarlıq investisiya qarşılıqlı maraqların nə qədər geniş olduğunu sübut edir.

    Azərbaycanın işğaldan azad edilmiş ərazilərində – Qarabağ və Şərqi Zəngəzurda İtaliya şirkətlərinin 23 mühüm layihə icra etməsi bu dostluğun quruculuq mərhələsinə keçdiyini göstərir. Hazırda Azərbaycanda 130-a yaxın İtaliya şirkəti fəaliyyət göstərir ki, bu da xarici ölkə şirkətləri arasında İtaliyanın qabaqcıl yerlərdən birini tutmasını təmin edir.

    Humanitar sahədə isə ötən il Bakıda açılan İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti gələcək nəsillər üçün elm və mədəniyyət körpüsü rolunu oynayır. Hazırda orada təhsil alan 500-dən çox tələbə gələcəkdə həm peşəkar mütəxəssislər, həm də iki xalq arasında təbii elçilər kimi çıxış edərək bu strateji tərəfdaşlığı daha da sarsılmaz edəcəkdir.

    Prezident İlham Əliyevin bu bəyanatı bir daha təsdiq edir ki, Azərbaycan və İtaliya arasındakı dostluq və tərəfdaşlıq əlaqələri həm regionun, həm də Avropanın rifahına xidmət edən sarsılmaz bir ittifaqdır.

     

    Müəllif: Redaktor, 08:47

İsmarıclar bağlıdır.