Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,031
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05May

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2026-cı il 4 may tarixində videobağlantı formatında keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına qatılaraq genişmiqyaslı nitq söyləmişdir. Dövlətimizin başçısı öz çıxışında bölgədə yaranmış yeni reallıqlar, Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinin gedişatı və beynəlxalq platformalarda ölkəmizə qarşı sərgilənən ikili standartlar barədə mühüm mesajlar vermişdir.

    Prezident İlham Əliyev çıxışında diqqətə çatdırmışdır ki, Ermənistan “Avropa Siyasi Birliyi”nin növbəti Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib. Bu fakt iki ölkə arasında sülhün real olmasının aydın göstəricisidir. Dövlət başçısı qeyd etmişdir ki, tarazlı yanaşmanın saxlanılması məqsədilə 2026-cı ilin mayında Ermənistanda keçiriləcək toplantını Azərbaycan da dəstəkləyib və bunun qarşılığında 2028-ci il görüşünün Azərbaycanda keçirilməsi təklifi qəbul olunub. Cəmi doqquz aydır sülh şəraitində yaşadığımızı vurğulayan cənab Prezident, Ermənistanın bu dəstəyini iki xalqın dinc yanaşı yaşamağı öyrənməsinin müsbət nümunəsi kimi qiymətləndirmişdir.

    Sülhün praktiki nəticələrinə toxunan ölkə rəhbəri bildirmişdir ki, əldə olunmuş razılıqlar əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana artıq 28 min ton yük çatdırılıb. 1990-cı illərin əvvəllərindən tətbiq edilən tranzit məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırılmış, hətta ilk dəfə olaraq Ermənistana benzin və dizel kimi neft məhsullarının ixracına başlanılmışdır. Bu, iqtisadi-ticarət münasibətlərinin bərpası istiqamətində atılan humanitar və strateji addımdır. Həmçinin, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun Naxçıvanla birbaşa bağlantı yaradaraq Orta Dəhlizin mühüm hissəsinə çevriləcəyi xüsusi vurğulanmışdır.

    Bununla belə, Prezident İlham Əliyev sülh prosesinə mane olan xarici amilləri də kəskin tənqid etmişdir. Qeyd olunmuşdur ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) prosesdə konstruktiv mövqe sərgiləmək əvəzinə, ikili standartlar nümayiş etdirirlər. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra AŞPA-nın nümayəndə heyətimizə sanksiya tətbiq etməsi ədalətsiz addım kimi dəyərləndirilmişdir. Bildirilmişdir ki, Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin bütövlüyü qədər dəyərlidir və bu məsələdə ayrı-seçkilik qəbuledilməzdir.

    Dövlətimizin başçısı Avropa Parlamentinin fəaliyyətinə də toxunaraq bildirib ki, bu qurum ksenofobiya, islamofobiya və evsizlik kimi daxili fundamental problemləri həll etmək əvəzinə, Azərbaycana qarşı böhtan kampaniyası aparır. Son beş il ərzində ölkəmizlə bağlı 14 qərəzli qətnamənin qəbul edilməsi bu qurumun sülh prosesini sabotaj etmək cəhdi kimi qiymətləndirilmişdir. Cavab tədbiri olaraq, Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı və Avronest PA-da üzvlüyü dayandırmaq barədə qərar qəbul edib.

    Çıxışının sonunda Prezident İlham Əliyev bir daha bəyan etmişdir ki, sülh prosesinə mane olmaq istəyən müəyyən tərəflərin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir.

    Bölgədə dayanıqlı rifahın və əməkdaşlığın bərqərar olması ölkəmizin əsas strateji hədəfidir.

     

    Müəllif: Redaktor, 13:29

İsmarıclar bağlıdır.