Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,030
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05May

    DÖVLƏT QURUCULUĞU, STRATEJİ SABİTLİK VƏ
    AZƏRBYACAN MODELİNİN FORMALAŞMASI

    Müasir Azərbaycan dövlətçiliyinin ideoloji, institusional və geosiyasi əsaslarının formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolu sistemli və çoxşaxəli xarakter daşıyır. Onun siyasi fəaliyyəti dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və xarici siyasət doktrinasının konseptual əsaslarının yaradılması ilə səciyyələnir. Heydər Əliyev fenomenini siyasi analitik baxımdan dəyərləndirərkən, onun fəaliyyətini üç əsas müstəvidə təhlil etmək məqsədəuyğundur: dövlət quruculuğu və institusional sabitlik, enerji diplomatiyası və geosiyasi balanslaşdırma, eləcə də milli identiklik və legitimlik istehsalı.
    1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində dövlətin dağılma trayektoriyasından çıxarılması cəhdi kimi qiymətləndirilməlidir. Həmin dövrdə ölkə faktiki olaraq paralel hakimiyyət mərkəzlərinin formalaşdığı, silahlı qrupların siyasi proseslərə birbaşa təsir göstərdiyi və regionlar üzrə idarəetmə boşluqlarının ya-randığı bir mühitdə fəaliyyət göstərirdi. Mərkəzi hakimiyyətin qərarları periferiyada icra olunmur, dövlət institutları formal xarakter daşıyır, siyasi legitimlik isə ciddi şəkildə aşınmışdı.
    Heydər Əliyevin ilk addımları situasiyanın mahiyyətinə uyğun olaraq operativ sabitləşdirmə tədbirlərindən ibarət oldu. O, əvvəlcə siyasi hakimiyyətin parçalanmış strukturunu konsolidasiya etməyə yönəldi. Bunun üçün həm siyasi dialoq, həm də sərt inzibati qərarlar paralel şəkildə tətbiq olundu. Ayrı-ayrı silahlı qrupların zərərsizləşdirilməsi, qeyri-rəsmi güc mərkəzlərinin ləğvi və ordunun vahid komandanlıq altında birləşdirilməsi dövlətin qüdrətlənməsində mühüm rol oynadı.
    Eyni zamanda, Heydər Əliyev siyasi legitimliyində idarəetmənin effektivliyi və sabitlik vədi üzərindən qurulmasının vacibliyini nəzərə aldı. Onun ritorikasında və praktikasında “sabitlik” anlayışı əsas siyasi kapitala çevrildi. Cəmiyyət üçün prioritet artıq təhlükəsizlik və idarəolunanlıq idi.
    Bu mərhələdə mərkəzləşmiş icra hakimiyyəti modelinin qurulması təsadüfi seçim deyildi. Parçalanmış siyasi mühitdə koalision və ya zəif hökumət modelləri effektiv işləyə bilməzdi. Buna görə də qərarvermənin sürətli və koordinasiyalı həyata keçirilməsi üçün güclü prezident institutu ön plana çəkildi. Belə bir model qısa müddətdə idarəetmədə intizamı bərpa etməyə, dövlət aparatını funksional hala gətirməyə və təhlükəsizlik risklərini minimuma endirməyə imkan verdi.
    Bununla yanaşı, sabitləşmə prosesi yalnız daxili siyasi faktorlarla məhdudlaşmırdı. Xarici mühit də kifayət qədər mürəkkəb idi: regionda geosiyasi rəqabət güclənir, Azərbaycanın zəifliyi müxtəlif aktorlar üçün təsir imkanlarını genişləndirirdi. Belə bir şəraitdə daxili sabitliyin təmin olunması eyni zamanda xarici müdaxilə risklərinin azaldılması demək idi. Heydər Əliyev bu əlaqəni düzgün qiymətləndirərək daxili konsolidasiyanı xarici siyasət üçün ilkin şərt kimi götürdü.
    Eyni zamanda, Heydər Əliyevin həyata keçirdiyi siyasətin mühüm xüsusiyyəti ondan ibarət idi ki, təhlükəsizlik və sabitliyin təmin olunması paralel şəkildə hüquqi çərçivənin qurulması ilə müşayiət olunurdu. 1993–1995-ci illərdə atılan addımlar göstərirdi ki, sabitlik hüquqi mexanizmlərlə möhkəmləndirilməlidir.
    1995-ci il Konstitusiyasının qəbulu bu baxımdan dönüş nöqtəsi oldu. Yeni Konstitusiya bir tərəfdən güclü icra hakimiyyətini hüquqi şəkildə təsbit edir, digər tərəfdən isə dövlət institutlarının qarşılıqlı fəaliyyət çərçivəsini müəyyənləşdirirdi. Prezident institutu sistemin mərkəzinə yerləşdirildi, lakin eyni zamanda qanunverici və məhkəmə hakimiyyətlərinin funksional konturları da formalaşdırıldı.
    Əhəmiyyətli məqamlardan biri də ondan ibarət idi ki, Konstitusiya cəmiyyət üçün də “oyun qaydaları”nı müəyyənləşdirirdi. Mülkiyyət hüquqlarının tanınması, vətəndaş azadlıqlarının təsbiti və hüquqi bərabərlik prinsiplərinin qeyd olunması postsovet transformasiyasının mühüm komponentləri idi.
    Heydər Əliyevin yanaşmasının praqmatik tərəfi burada da aydın görünürdü: hüquqi sistem birdən-birə ideal model kimi deyil, mövcud siyasi reallıqlara uyğun şəkildə qurulurdu. Yəni əvvəlcə idarəolunan və işlək dövlət aparatı formalaşdırılır, daha sonra bu aparat hüquqi normalarla tənzimlənirdi.
    Konstitusiyanın qəbulundan sonra dövlət idarəçiliyində müəyyən standartlaşma prosesi başladı. Qanunvericilik bazası genişləndirildi, dövlət orqanlarının səlahiyyət bölgüsü daha aydın şəkildə müəyyən edildi və inzibati idarəetmədə prosedur qaydaları formalaşdı. Bütün bunlar isə qərarvermə prosesini daha proqnozlaşdırıla bilən etdi və həm daxili, həm də xarici aktorlar üçün Azərbaycanın institusional mühitini daha anlaşılan hala gətirdi.
    Digər mühüm nəticə legitimlik məsələsi ilə bağlı idi. 1993-cü ildə hakimiyyətin bərpası daha çox faktiki nəzarət və sabitlik üzərindən qurulmuşdusa, 1995-ci ildən sonra bu nəzarət hüquqi əsaslarla möhkəmləndirildi. Referendum yolu ilə qəbul olunan Konstitusiya hakimiyyətin normativ legitimliyini artırdı və siyasi sistemin davamlılığı üçün əlavə təminat yaratdı.

    *     *    *

    İkinci mühüm istiqamət kimi enerji siyasətinin seçilməsi isə Azərbaycanın mövcud resurs potensialının siyasi təsir alətinə çevrilməsi cəhdi idi. 1990-cı illərin ortalarında ölkə həm maliyyə çatışmazlığı, həm də texnoloji gerilik səbəbindən öz enerji ehtiyatlarını müstəqil şəkildə istismar etmək imkanına malik deyildi. Mövcud şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması daxili iqtisadi ehtiyacların qarşılanmasından daha geniş məqsədlərə xidmət edirdi — əsas hədəf Azərbaycanın beynəlxalq iqtisadi və siyasi sistemə bağlanması idi.
    1994-cü ildə imzalanan müqavilə faktiki olaraq Azərbaycanı qlobal enerji bazarına inteqrasiya edən platformaya çevrildi. Müqavilədə ABŞ, Böyük Britaniya və digər Qərb ölkələrinin iri enerji şirkətlərinin iştirak etməsi Azərbaycanın təhlükəsizlik mühitinə dolayı təsir göstərdi. Bu şirkətlərin arxasında dayanan dövlətlərin maraqları regionda yeni balans formalaşdırdı və Azərbaycanın strateji əhəmiyyətini artırdı.
    Ulu öndər Heydər Əliyevin yanaşmasının fərqləndirici cəhəti ondan ibarət idi ki, o, enerji resurslarını si-yasi kapital kimi qiymətləndirirdi. Enerji daşıyıcılarının dünya bazarına çıxarılması üçün alternativ boru kəməri layihələrinin təşviqi Azərbaycanın bir marşrutdan asılılığını azaltmağa yönəlmişdi. Bütün bu amillər isə ölkənin xarici siyasətdə manevr imkanlarını genişləndirir və hər hansı bir güc mərkəzindən asılılığı minimuma endirirdi.
    Eyni zamanda enerji siyasəti daxili sabitliyin möhkəmləndirilməsinə də xidmət edirdi. Neft gəlirlərinin artması dövlətin maliyyə imkanlarını genişləndirdi, sosial və infrastruktur layihələrinin həyata keçirilməsi üçün resurs bazası yaratdı. Yəni enerji siyasəti həm də daxili idarəetmənin dayanıqlığını təmin edən mexanizm rolunu oynadı.
    Prosesdə diqqət çəkən digər məqam Azərbaycanın özünü regional enerji qovşağı kimi təqdim etməsi idi. Təkcə resurs istehsalçısı deyil, həm də tranzit və logistik mərkəz kimi mövqelənmək ölkənin geosiyasi çəkisini artırdı.

    *    *   *

    Heydər Əliyevin xarici siyasət kursu praktik müstəvidə isə davamlı tarazlıq axtarışı kimi formalaşmışdı. Məsələ yalnız müxtəlif güclərlə əlaqə qurmaq deyildi; əsas hədəf bu əlaqələri elə konfiqurasiya etmək idi ki, heç bir istiqamət Azərbaycanın qərarvermə azadlığını məhdudlaşdıra bilməsin. 1990-cı illərin mürəkkəb geosiyasi mühitində bu, son dərəcə həssas və incə hesablanmış siyasi davranış tələb edirdi.
    Rusiya ilə münasibətlərdə Heydər Əliyev açıq qarşıdurmadan yayınaraq əməkdaşlıq və məsafə balansını qorumağa çalışdı. Azərbaycan postsovet məkanında qalmaqla yanaşı, Moskvanın təhlükəsizlik və siyasi təsir alətlərinin ölkə daxilində dominant mövqe qazanmasına imkan vermədi.
    Qərb istiqamətində isə siyasət daha çox iqtisadi və enerji əməkdaşlığı üzərindən qurulmuşdu. ABŞ və Avropa ilə münasibətlər strateji layihələr vasitəsilə dərinləşdirilir, lakin bu yaxınlaşma siyasi asılılıq səviyyəsinə çatdırılmırdı. Yəni Bakı Qərblə əməkdaşlığı genişləndirərkən öz daxili və xarici siyasət prioritetlərini kənardan diktə olunan gündəliyə tabe etməməyə çalışırdı.
    Regional güclərlə münasibətlər də bu balansın mühüm hissəsi idi. Türkiyə ilə strateji yaxınlıq Azərbaycanın təhlükəsizlik və iqtisadi maraqları baxımından mühüm dayağa çevrildi. Eyni zamanda İranla münasibətlərdə qarşıdurmadan qaçınan, lakin ehtiyatlı yanaşma saxlanıldı.
    Belə bir çoxşaxəli siyasətin əsas nəticəsi Azərbaycanın manevr imkanlarının genişlənməsi oldu. Ölkə müxtəlif güc mərkəzləri arasında seçim etməyə məcbur qalmadan, hər biri ilə münasibətlərdən konkret faydalar əldə edə bildi. Mövcud yanaşma risklərin bölüşdürülməsi baxımından da effektiv idi: hər hansı istiqamətdə yaranan təzyiq digər tərəfdaşlarla əlaqələrin gücləndirilməsi ilə balanslaşdırılırdı.
    Eyni zamanda bu siyasət Azərbaycanın beynəlxalq sistemdə qəbulunu da dəyişdirdi. Ölkə öz maraqlarını müəyyən edən və onları qorumağı bacaran subyekt kimi qəbul olunmağa başladı.

    *   *    *

    Üçüncü analitik müstəvidə Heydər Əliyevin dövlət quruculuğu siyasəti cəmiyyətin siyasi identifikasiyasının yenidən qurulması prosesi aparılırdı. 1990-cı illərin əvvəllərində Azərbaycan cəmiyyəti həm müharibə vəziyyəti, həm də institusional boşluq fonunda parçalanmış sosial struktura malik idi. Regionçuluq meylləri, siyasi loyallığın zəifliyi və ümumi dövlətə etimadın aşağı səviyyəsi vahid siyasi kimliyin formalaşmasını çətinləşdirirdi. Belə bir şəraitdə dövlətin davamlılığı üçün sosial inteqrasiya və ortaq identiklik zəruri idi.
    Heydər Əliyevin “Azərbaycançılıq” ideyasını önə çıxarması məhz bu ehtiyacdan irəli gəlirdi. Bu ideya etnik və regional fərqləri vahid siyasi çərçivə daxilində birləşdirən inklüziv dövlət kimliyi modelini formalaşdırmağa yönəlmişdi. Burada əsas vurğu vətəndaşlıq prinsipi üzərində qurulan siyasi birlik idi. Dövlətə mənsubiyyət hissi fərdi və ya qrup kimliklərindən üstün siyasi kateqoriya kimi təqdim olunurdu.
    Heydər Əliyevin bu yanaşması xüsusilə müstəqilliyin ilk illərində müşahidə olunan parçalanma risklərinin azaldılmasında mühüm rol oynadı. Müxtəlif sosial və regional qruplar arasında vahid dövlət narrativi formalaşdırılmadan siyasi sabitliyin davamlı olması mümkün deyildi. “Azərbaycançılıq” ideyası bu boşluğu dolduraraq ortaq siyasi məkanın ideoloji əsasını yaratdı. Dövlətçilik, ərazi bütövlüyü və vətəndaş məsuliyyəti bu narrativin mərkəzi elementlərinə çevrildi.
    Eyni zamanda bu ideoloji xətt siyasi legitimliyin sosial əsaslarını da gücləndirdi. Hakimiyyətin qəbul olunması cəmiyyətin özünü bu dövlətin bir hissəsi kimi görməsi ilə bağlı idi. Dövlət və cəmiyyət arasında simvolik bağların güclənməsi isə siyasi sistemin dayanıqlığını artırdı.
    Heydər Əliyevin liderlik modeli mahiyyət etibarilə siyasi nəticə əldə etməyə yönəlmiş idarəetmə üslubu ilə xarakterizə olunur. Onun qərarvermə mexanizmlərində əsas meyar konkret tarixi şəraitdə dövlət maraqlarının təmin olunması idi.
    Daxili siyasətdə bu praqmatik xətt dövlət institutlarının tədricən gücləndirilməsi, sosial gərginliyin idarə olunması və resursların prioritet sahələrə yönəldilməsi ilə özünü göstərirdi. Siyasi qərarlar çox vaxt situativ reallıqlara uyğunlaşdırılır, ideoloji çərçivələr isə idarəetmənin funksionallığını məhdudlaşdırmayan elastik formada saxlanılırdı.
    Xarici siyasətdə isə bu praqmatizm daha aydın görünürdü. Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı maraqlar əsasında qururdu. Qərarların əsaslandırılmasında konkret iqtisadi, təhlükəsizlik və geosiyasi nəticələr əsas götrülürdü.
    Son olaraq qeyd edək ki, Heydər Əliyevin siyasi irsi Azərbaycan dövlətinin institusional əsaslarının formalaşmasında həlledici rol oynadı. Sabitlik, enerji əsaslı inkişaf modeli və balanslaşdırılmış xarici siyasət bir-birini tamamlayan sistem halında ölkənin strateji dayanıqlığını təmin etdi.

    Şəbnəm ZEYNALOVA,
    siyasi elmlər üzrə
    fəlsəfə doktoru, Siyasi analitik

    Müəllif: Redaktor, 09:40

İsmarıclar bağlıdır.