Əhalinin tibbi müayinədən keçirilməsi davam edir
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq hər il fevral-may aylarında respublikada əhali tibbi müayinədən keçirilir. Bununla bağlı rayonda görülən işlər barədə daha ətraflı məlumat almaq üçün Tərtər Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Sevda Əliyeva ilə əlaqə saxladıq. Həkim bildirdi ki, tapşırılan müddət ərzində rayon əhalisinin hamısı tibbi müayinədən keçiriləcəkdir.
İndiyədək 13,972 nəfər həkimlərə müraciət etmiş, 130 nəfərdə xəstəlik ilkin olaraq aşkarlanmışdır.
Prezidentimizin tapşırığına uyğun olaraq həm mərkəzi xəstəxananın, həm də yerlərdəki kənd xəstəxanalarının və tibb məntəqələrinin bütün əməkdaşları bu işə cəlb olunmuşlar.
Rayon mərkəzində və eləcə də kəndlərimizdə yaşayan, müayinəyə gələ bilməyən yaşlı, qoca və xəstə insanların ev-lərində tibbi müayinədən keçirilməsi üçün 6 həkim briqadası ayrılıb. Rayon ərazisində məskunlaşan məcburi köçkün və qaçqın ailələri də diqqətdən kənarda qalmırlar.
İlk günlərdən işin təşkili və əhalinin razılığı deməyə əsas verir ki, ötən illərdə olduğu kimi bu il də rayonumuzda sakinlərin tibbi müayinəsi yüksək səviyyədə başa çatdırılacaq.
Qəzetimizin əməkdaşı Bəxtilə Əliyeva bildirmişdir ki, oğlunun tibbi müayinədən keçməsi ilə bağlı o, rayon uşaq xəstəxanasına müraciət etmiş və burada xəstəxananın baş həkimi Hicran Rəhimli, poliklinikanın müdiri Zəhra Əliyeva və digər tibb işçiləri tərəfindən qayğı ilə qarşılanmış, uşaq hərtərəfli müayinədən keçirilmişdir.
Prezidentin bu Sərəncamı onun xalqa olan diqqətinin parlaq təzahürüdür. Buna görə də tərtərlilər ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.
Mirzə Nəsir