Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri kimi şura üzvləri ilə birlikdə bəzən ailə münaqişələri zamanı yaranan problemlərin həllində iştirak edirik. Bu zaman bizi ən çox incidən və narahat edən qocalara və uşaqlara olan münasibətdir. Çünki həm yaşlılar, həm də uşaqlar qayğıya, köməyə daha çox ehtiyac duyurlar. Bu sahədə dövlətimiz kifayyət qədər iş görsə də, əsas məsuliyyət ailələrin üzərinə düşür.
Çünki dövlətimizin qanunları ilə bərabər bizim ən dəyərli sərvətimiz xalqımızın yazılmamış adət-ənənələridir. Bu ənənələr indi qorunurmu?
Bu yaxınlarda rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla bir ailədə olduq. Ananın üç oğlu, üç gəlini vardı. Boylu-buxunlu, yaraşıqlı oğlanlar və gözəl gəlinlər. Yəqin ki, uç oğul dünyaya gələndə anaya gözaydınlığı verib, bəxtəvər qadın adlandırıblar.
Amma gördüyümüz mənzərə bizdə heç də bu təəssüratı yaratmadı. Ana oğlanlarından biri ilə yaşayırdı. Biz həyətə daxil olanda qoca qadın yuduğu paltarları güc-bəla ilə ipə sərirdi. Heç nəyi soruşmadan hiss olunurdu ki, o, oğlu, gəlini və nəvələri ilə bir evdə yaşasa da, onlar üçün yad bir insandır, onları yalnız maddi məsələlər maraqlandırır. Bir azdan o biri oğullar və gəlinlər də gəldi və ananın bu övladlarının mübahisəsi içində nələr çəkdiyini görmək ağır bir mənzərə idi.
Mülk üstündə mübahisələr, hər şeyin ən yaxşısını asan əldə etmək arzusu bəzi insanlarda o qədər güclənib ki, müqəddəs qohumluq bağları qırılır, münasibətlər korlanır və bunun acısını da valideynlər çəkirlər.
Rayonumuzun başqa bir kəndində isə gənc qadın iki övladını ( onun biri 40 günlük olub) atıb tanımadığı, sosial şəbəkə vasitəsilə tanış olduğu insana qoşulub qaçıb. İndi paytaxtda yüngül həyat tərzi keçirir.
Bu qadın həyatında kəndindən başqa heç yeri görməmişdi. Yetimçiliklə böyüyüb ailə qurmuşdu, övlad sahibi olmuşdu. Çətinliklə dolanırdılar. Zəif düşüncəsi ilə övladlarına daha yaxşı həyat yaşatmaq istəyirdi, odur ki, telefondakı dələduzların toruna düşdü. İndi sosial şəbəkələrdə insan alveri ilə məşğul olan qadınların ikrah doğurun sifətlərinə baxanda düşünürəm ki, bəlkə o bədbəxt yetim də on-ların əməllərinin qurbanı olub? Bunu bilmirəm. Məlum olan isə budur ki, o, birdəfəlik həyat yoldaşının da, övladlarının da qəlbindən silinib.
Mən o qadına haqq qazandırmıram. Ona ana deməyə də dilim gəlmir. Amma bilinən odur ki, insan alveri ilə məşğul olan və hazırda istintaqa cəlb edilən cinayətkarlara və hələ də cəmiyyət arasında sərbəst gəzib öz çirkin əməllərini da-vam etdirən, insanların bədbəxtliyinə səbəb olan pul həvəskarlarına elə cəza verilməlidir ki, bundan nəticə çıxarılsın.
Azərbaycan qadınının saf, təmiz adını qorumaq üçün bütün cəmiyyət birgə səy göstərməlidir. Qeyd etmək lazımdır ki, ictimaiyyət arasında aparılan təbliğat nəticəsində televiziya kanallarına çıxan müğənillərin geyimində, hərəkətlərində nisbətən dəyişikliklər baş verib. Bu da insanlarımız tərəfindən yaxşı qarşılanır. Son zamanlar maraqlı seriallar çəkilməyə başlasa da, bunların çoxu xalqımızın adət-ənənələrini əks etdirmir, gənclərin tərbiyəsinə mənfi təsir göstərir, eləcə də əcnəbilərdə ölkəmiz haqqında yanlış təsəvvür yaradır.
Çox təəssüf ki, bəzi insanlar arasında ailə dəyərlərinə münasibət dəyişib. İndi valideynlərin də, elə gənc qızların özlərinin də elçi gələnlərə ilk sualı ailənin maddi durumu ilə bağlı olur. Süni intellekt həyatımıza o qədər daxil olub ki, artıq insani keyfiyyətlər, hisslər tamamilə kənara qoyulur. Bəzi analar isə bəri başdan elçilərə bildirirlər ki, “mənim qızım gedib qaynana-qayna-taya qulluq eləməyəcək, iş görməyəcək”. Onsuz da indi ailələrdə ev işlərinin çoxunu məişət texnikası görür. Ancaq heç bir texnika ailə ocağındakı hüzuru, istiliyi yaratmağa qa-dir deyil və bu vəzifə həmişə qadınlarımızın üzərinə düşəcək. Belə olmayanda isə, boşanmaların sayı artır, uşaqlar valideynlərin birindən ayrı yaşamaq məcburiyyətində qalırlar. Bu da körpə yaşlarından onlara ağır zərbə olur.
Boşanmaların bir səbəbi də erkən nikahdır və hazırda bütün cəmiyyətimiz buna qarşı cıddı mübarizə aparır. Qızların vaxtından əvvəl ailə qayğılarını çiyinlərinə götürmələrinin zərəri barədə yüzlərlə canlı nümunə gözlərimiz qarşısında olduğu halda, hələ də bəzi valideynlər bundan nəticə çıxarmayıblar. Nədir onları buna məcbur edən? Əksər halda yenə də maddiyyat. Düşünürlər ki, imkanlı adamdır, gedib hazır evdə yaşayacaq, əziyyət çəkməyəcək. Belə valideynlər unudurlar ki, həyatda hər şeydən üstün övladının sağlamlı-ğı, onun mənəvi dünyasının rahat olmasıdır. Nikah yaşından tez ailə qurarkən məhz bunlar itirilir.
Hazırda nikaha daxil olan gənclərdən sağlamlıq haqqında arayışın tələb edilməsi, qohumlar arasında nikahın qadağan olunması və hətta, bu günlərdə müzakirə edildiyi kimi, narkoloji dispanserdən də arayış istənilməsi ailələrimizin qorunmasına, xəstə uşaqların dünyaya gəlməməsinə yəqin ki, kömək edəcək. Ailə dəyərlərini qorumaqla, ailəyə keçmişdə olduğu kimi müqəddəs münasibətimizlə biz özümüz-özümüzə kömək göstərməliyik.
Azərbaycanda, o cümlədən rayonumuzda yüzlərlə, minlərlə ailə var ki, onlar hər kəsə nümunə ola bilər. Belə ailələrdə böyük-kiçik yeri də bilinir, ər və arvad arasında olan münasibətlər də gənc nəsil üçün örnəkdir. Həyat sübut edir ki, ailə möhkəm təməl üzərində qurulanda,bütün sınaqlardan üzüağ çıxır.
Svetlana Bağırova

