Tərtərdə ilin bütün fəsilləri gözəldir, ancaq yazda insanlar daha çox şəhərdə gəzmək, söhbətləşmək istəyirlər. Xüsusən də müharibə veteranlarının, şəhid ailələrinin bir-birinə deməyə sözü çoxdur.
Təbii ki, bu zaman münasib məkan axtarırıq.
Tərtər Bələdiyyəsi tərəfindən şəhərin abadlaşdırılması və əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə şəhərin mərkəzi meydanında və park ərazilərində yeni skamyaların və zibil qablarının quraşdırılması hər birimizin ürəyindən xəbər verib.
Həyata keçirilən bu tədbirlər ictimai məkanların daha səliqəli və cəlbedici görünüş almasına, eyni zamanda ətraf mühitin mühafizəsinə xidmət edir. Quraşdırılan skamyalar xüsusilə yaşlıların, uşaqlı ailələrin və gənclərin rahat istirahəti üçün əlverişli şərait yaradır. Zibil qablarının yerləşdirilməsi isə ərazilərdə təmizliyin qorunmasına, məişət tullantılarının düzgün idarə olunmasına müsbət təsir göstərir.
Yaradılan şəraitə görə minnətdarlığımı bildirir, eyni zamanda hər kəsi ictimai əmlaka qayğı ilə yanaşmağa, təmizliyə riayət etməyə çağırıram.
Bəhruz İsgəndərov,
şəhid atası

