Dövlət başçısı deyib:
– Bu, bizim birinci görüşümüz olmuşdur və görüş çox məhsuldar keçmişdir, bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mən cənab Baş naziri Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, bu gün cənab Baş nazir bu səfəri Azərbaycana həyata keçirir. Bu, iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər – həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Bildirilib ki, iqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq.
Diqqətə çatdırılıb ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir.
Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir;
Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür.
O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir.
Prezident İlham Əliyev deyib ki, ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır.
Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.
Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.
Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli münasibətlər:
https://mfa.gov.az/az/category/avropa/cexiya

