
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının dosenti Kifayət Xudaverdiyevanın müəllifi olduğu “Azərbaycanın ziyalı xanımları” kitabı respublikamızın müxtəlif bölgələrində olduğu kimi, Tərtər rayonunda da maraqla qarşılanıb. Nəşrdə Azərbaycanın elmi, mədəni, siyasi və ictimai həyatında mühüm iz qoymuş qadınların həyat və fəaliyyəti geniş şəkildə əks olunub. Kitabda Mehriban Əliyeva, Zərifə Əliyeva, Aida İmanquliyeva, Nərgiz Paşayeva, Leyla Əliyeva, Arzu Əliyeva, Gövhər Baxşəliyeva, Nailə Vəlixanlı, Zemfira Səfərova, Firəngiz Əlizadə, Bahar Muradova, Aynur Sofiyeva, Gülçöhrə Məmmədova, Mahirə Hüseynova, Telli Pənah qızı, Zülfiyyə Vəliyeva, Məhəbbət Paşayeva və digər tanınmış ziyalı xanımlar haqqında ensiklopedik məlumatlar təqdim olunub. Bunlar yalnız ensiklopedik məlumatlar deyil, Azərbaycan qadınının müdrik obrazının təcəssümü, bu günün və gələcəyin gəncləri üçün gözəl nümunədir. “Azərbaycanın ziyalı xanımları” kitabını oxuduqda aydın olur ki, qadınlarımız zərif olduqları qədər də güclüdürlər və əldə etdikləri uğurlarla Azərbaycanımızın inkişafına samballı töhfələr verirlər. Bu kitab həmçinin ziyalı xanımlarımızı beynəlxalq ictimaiyyətə tanıtmaqla ölkələrarası dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə vermiş olacaq.
Kitabda tərtərlilərin sevimlisi və fəxri, həmyerlimiz Məhəbbət Paşayevanın həyat və fəaliyyəti haqqında məlumatın dərc edilməsini böyük razılıq hissi ilə qarşıladıq. Məhəbbət xanıma verilən dəyər ümumilikdə qəhrəman Tərtərin qəhrəman qadınlarına verilən yüksək qiymətdir. O, şəhidlərimizin, əsgərlərimizin bacısı, anası, silahdaşı, son vəsiyyətlərini eşidən bir mələk olub. Məhəbbət xanımın müharibə illərində göstərdiyi igidliklər, eləcə də onun həkimlik fəaliyyəti Azərbaycan qadınının yüksək mənəvi xüsusiyyətlərinin təcəssümüdür.
Kitabın nəşrində zəhməti olan hər kəsə, eləcə də müəllif Kifayət Xudaverdiyevaya Tərtər ziyalıları adından təşəkkürümüzü bildiririk.
Svetlana Bağırova

