2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana reallaşdırdığı rəsmi səfər iki qardaş ölkə arasındakı münasibətlərin dinamik inkişafının növbəti təsdiqi olmuşdur. Səfər çərçivəsində dövlət başçısının mətbuata verdiyi bəyanatda səslənən fikirlər həm ikitərəfli əlaqələrin dərinliyini, həm də Cənubi Qafqazın gələcək inkişaf modelini əks etdirir.
Azərbaycan və Gürcüstan arasındakı əlaqələr əsrlər boyu xalqlarımızın dostluq və qardaşlıq şəraitində yaşamasına söykənir.
Bu tarixi zəmin bu gün iki müstəqil dövlət üçün sarsılmaz təməl rolunu oynayır. Prezident İlham Əliyev öz bəyanatında Gürcüstanın əldə etdiyi uğurları yüksək qiymətləndirərək, bu nailiyyətlərin təməlində siyasi sabitliyin dayandığını xüsusi vurğulamışdır. Ölkədəki müsbət investisiya mühiti və həyata keçirilən düzgün siyasi xətt regional tərəfdaşlığımızı daha da stimullaşdırır. İki ölkə bütün beynəlxalq təşkilatlar çərçivəsində bir-birini hər zaman dəstəkləyir. Xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı məsələlərində Azərbaycan və Gürcüstan vahid mövqedən çıxış edir. Bu prinsipial yanaşma regionda beynəlxalq hüququn aliliyinin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan və Gürcüstan arasındakı iqtisadi göstəricilər yüksələn xətt üzrə inkişaf etməkdədir. Ötən il ticarət dövriyyəsinin 800 milyon dolları ötməsi və cari ilin ilk rübündəki artım yaxın gələcədə bu rəqəmin 1 milyard dollara çatacağını proqnozlaşdırmağa imkan verir. Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına yatırılan 3,7 milyard dollar həcmində sərmayə tərəfdaşlığımızın iqtisadi gücünü göstərir. Hazırda tərəflər yeni investisiya layihələrini, o cümlədən üçüncü ölkələrə birgə sərmayə qoyuluşu imkanlarını müzakirə edirlər.
Bu gün Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıqlar formalaşır. Region artıq sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməkdədir. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesini gücləndirmək üçün ticarət əlaqələrinin qurulması mühüm rol oynayır və bu prosesdə Gürcüstanın vasitəçiliyi, xüsusən ticarət yollarının Gürcüstan üzərinden keçməsi təqdirəlayiqdir.
Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasında Gürcüstan strateji tranzit ölkədir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr artıq 20 ildir ki, Avropanın və regionun enerji təhlükəsizliyinə xidmət edir. Eyni zamanda, “Orta Dəhliz” layihəsinin hər iki ölkə üzərindən keçməsi Azərbaycan və Gürcüstanı qitələrarası əsas nəqliyyat qovşağına çevirir. Bu nəqliyyat damarlarının genişləndirilməsi hər iki dövlətin prioritet hədəfidir.
Yekun olaraq vurğulanmışdır ki, Azərbaycan-Gürcüstan münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurularaq bütün qonşu ölkələr üçün nümunə təşkil edir. Bu strateji dostluq regionun sabitliyinə və gələcək rifahına ən böyük təminatdır.


