Şəhidlik elə bir zirvədir ki, illər ötdükcə, o zirvədə dayananların qəhrəmanlığı işığına toplaşanların sayı daha da artır.
Tərtər rayonunda şəhid ailələri və qazilər daimi olaraq ziyarət olunur, xoş günlərində də, kədərli anlarında da rayon rəhbəri ictimaiyyət nümayəndələri ilə birlikdə onlarla birlikdə olurlar.
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəngərli kən-dində Vətən müharibəsi şəhidi Qənbər Qənbərlinin ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Həmçinin elə həmin kənddə Birinci Qarabağ müharibəsi şəhidi Ruslan Əsgərovun ailəsi ziyarət olunub. Övladlarının adına gələn qo-naqları ən əziz insanlar kimi qarşılayan ailə üzvləri kövrək anlar yaşayıblar.
Dəmirçilər kəndində şəhid Fikrət Rzayevin anası Gövhər Xudabəndəyevanı 75, İsmayılbəyli kənd sakini, Elşən Əlizadənin atası Faiq Əliyevi isə 65 illik yubileyi münasibətilə təbrik ediblər.
Şəhid valideynlərinə təşəkkürnamələr və gül dəstələri təqdim olunub. Ən böyük hədiyyə isə övladlarının xalq tərəfindən unudulmaması, onların əziz xatirəsinin qəlblərdə yaşamasıdır. Görüşlər zamanı qeyd olunub ki, şəhidlərimizin həyatı gənc nəsil üçün vətəni sevməyin parlaq nümunəsidir.
Həmçinin bildirilib ki, 44 günlük Vətən mühribəsində qəhrəman oğulların qisası alındı. Bu gün şəhid qanına boyanan torpaqlara yeni həyat qayıdır. Dövlət rəhbərinin qayğısı ilə işağldan azad edilmiş ərazilərimiz cənnətə dönür. Xalqımız bu günləri bizlərlə yaşadan şəhidlərimizə əbədi borcludur.
“Yeni Tərtər”


