RUZİLİ ADAM
Hər dövrün özünün sayılıb-seçilən insanları olub. Ötən əsrin ortalarında Tərtər rayonunda belələrindən biri Kəniş Namazov idi.
Namazov Kəniş Məmməd oğlu 1909-cu ildə rayonumuzun Borsunlu kəndində anadan olub. Azərbaycan Dövlət Qiyabi Pedaqoji Universitetini bitirib. 1933-cü ildə doğma kəndində müəllim kmi fəaliyyətə başlayıb, sonralar həmin məktəbin direktoru təyin edilib.
1955-ci ildə Kəniş Namazov rayon partiya komitəsinin katibi, bir müddət sonra isə Mirbəşir (indiki Tərtər) rayon İcraiyyə Komitəsinin sədri seçilib. Tərtərlilərin yaddaşında Kəniş müəllim məsuliyyətli, tələbkar bir insan kimi qalıb. Deyilənə görə, tənbəlləri, aciz insanları sevmirdi. Bildirirdi ki, Allah zəhməti sevən insanın ruzisini yetirir.
1959-cu ildən Kəniş Namazov tədarük kontorunun direktoru, rayon istehlak cəmiyyətinin sədri, kolxozlararası tikinti şurasının sədri vəzifələrində çalışıb. 1964-cü ildə Engels adına kolxozun sədri seçilib. Uzun illər Tərtərdə çörək zavodunun direktoru işləyib.
Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Deputat olduğu müddətdə sessiyalarda rayonun abadlaşdırılması ilə bağlı mühüm təkliflərlə çıxış edib və bunların reallaşdırılmasına səy göstərib.
1971-ci ildə Ulu Öndər Heydər Əliyev rayonumuzda sakinlərlə görüşü keçirirlər, bu görüşdə Kəniş Namazov çıxış edib.
Ulu Öndər onun çıxışını diqqətlə dinləyib və Bakıya qayıtdıqdan sonra Mərkəzi Komtədən rayona nümayəndə göndərilib. Tərtərin gələcək inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilib. Kəniş müəllim Ümummilli Liderin qarşısında çıxış etməsini həmişə qürur hissi ilə xatırlayır və bu barədə gənclərə həvəslə danışırdı.
Kəniş müəllimin 6 övladı olub, 5 oğul, 1 qız. Təhsilə böyük önəm verən bu insanın bütün övladları ali məktəb bitirib.
Hər dövrün özünün mükafatları olub. Kəniş Namazov “Şərəf nişanı” ordeni və müxtəlif medallarla təltif edilib. Övladları deyirlər ki, ən böyük mükafatı atalarını tanıyanların onun haqqında “çörəkli adam idi” söyləməsidir.
“YENİ TƏRTƏR”

