Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin və Qaraağacı bələdiyyəsinin birgə təşkilatçılığı ilə ilaxır çərşənbə — Torpaq çərşənbəsi rayonun Qapanlı kəndində böyük coşqu ilə qeyd olunub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə sədrləri, YAP rayon təşkilatının sədri, mədəniyyət işçiləri, kənd ağsaqqalları və sakinlər iştirak ediblər.
Tədbir başlamazdan əvvəl rəsmi qonaqlar və kənd sakinləri tərəfindən kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət edilib. Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla yad olunaraq abidə önünə gül dəstələri qoyulub.
Mərasimin rəsmi hissəsində aparıcılar Novruz çərşənbələri haqqında geniş məlumat verərək, Torpaq çərşənbəsinin dördüncü, sonuncu çərşənbə olduğunu və təbiətin tamamilə oyanışını, torpağın canlanmasını simvolizə etdiyini vurğulayıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd sakinlərini bayram münasibətilə təbrik edərək, hər kəsə sağlamlıq, bol ruzi və bərəkət arzulayıb. Rayon rəhbəri çıxışında xüsusi olaraq bildirib: “Bu il Bahar bayramı bizim üçün ikiqat sevinclidir. Çünki təbiətin oyanışı olan Novruzla mənəvi saflaşma ayı olan müqəddəs Ramazan bayramı eyni vaxta təsadüf edir. Bu gözəl təsadüf xalqımızın milli və dini dəyərlərinin vəhdətini bir daha nümayiş etdirir. Arzu edirəm ki, dualarımızın qəbul olunduğu bu günlərdə ocaqlarınızın odu sönməsin, süfrələriniz həmişə bərəkətli olsun.”
Milli Məclisin deputatı Anar Məmmədov çıxış edərək bayramın tarixi əhəmiyyətindən, dövlətimizin milli adət-ənənələrimizə verdiyi yüksək önəmdən bəhs edib və bütün kənd sakinlərini səmimi qəlbdən təbrik edərək xoş arzularını çatdırıb.
Kəndin mərkəzi meydanı bayram əhval-ruhiyyəsində xüsusi zövqlə bəzədilib. El ağsaqqalı Dədə Qorqud gəlişi ilə məclisi nurlandırıb, öz xeyir-duasını verib. Ardınca atlıların meydana daxil olması bayram təntənəsini daha da artırıb.
Daha sonra rayon rəhbəri tərəfindən alovlandırılan bayram tonqalı hər yanı nura boyayıb. Qonaqlar sakinlər ilə birlikdə ocaqda, sac üstündə bişən kətənin, qovurğanın dadına baxıb, çərşənbə şirniyyatlarından dadıblar. Tonqal başında kəndin gəncləri milli musiqimizin sədaları altında “Yallı” gedib, idmançılar isə öz məharətlərini göstəriblər. Şirin söhbətlər edilib, qədim adət-ənənələr və inanclar bir daha yada salınıb.
Bayram tədbiri çərçivəsində kəndin ağsaqqalı Məzahir Həsənov evində ziyarət edilib, eyni zamanda 4 aztəminatlı ailəyə baş çəkilərək onların bayramı təbrik olunub və onlara bayram sovqatları təqdim edilib.
Əziz xalqımız, Torpaq çərşənbəniz mübarək! Eviniz isti, ruziniz bol, ocağınız həmişə gur yansın!


