Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İlaxır çərşənbə – Torpaq çərşənbəsi münasibətilə rayonun Mamırlı kəndində keçirilən bayram tədbirində iştirak edib.
Tədbir kəndin mərkəzində, bayram əhval-ruhiyyəsində xüsusi zövqlə bəzədilmiş meydanda təşkil olunub. Rayon rəhbəri əvvəlcə meydanda qalanmış böyük çərşənbə tonqalını alovlandırıb.
İcra başçısı kənd sakinləri ilə görüşərək onları həm Novruz bayramı, həm də bu il eyni vaxta təsadüf edən müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. O, çıxışında milli-mənəvi dəyərlərimizdən, Novruzun gətirdiyi birlik və bərabərlik ənənələrindən bəhs edərək, hər bir evə ruzi-bərəkət və cansağlığı arzulayıb.
Şənlik proqramı kənd gənclərinin ifasında şən musiqilər və ritmik rəqslərlə davam edib. Gənclər birliyin rəmzi olan “Yallı” rəqsini ifa edərək bayram coşqusuna xüsusi rəng qatıblar.
Bayramın əvəzolunmaz personajları olan Keçəl və Kosa isə öz çıxışları, məzəli deyişmələri və xalq oyunlarını canlandırmaqla sakinlərə xoş anlar yaşadıblar. Onların gəlişi, xüsusən uşaqlar arasında böyük sevincə səbəb olub, bayramın qədim adətləri meydanda bir daha canlanıb.
Tədbir Mamırlı kənd sakinlərinin böyük sevinci və yüksək bayram təntənəsi ilə başa çatıb.


