

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun qadın minaaxtaranlarının, regional ofisinin qadın əməkdaşlarının, BAMF-ın prezidenti Umud Mirzəyevin və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirakı ilə tədbir keçirilib.
EDnews xəbər verir ki, açılış nitqi ilə çıxış edən BAMF-ın prezidenti Umud Mirzəyev qadın minaaxtaranlar komandasının fəaliyyətindən və uğurlu nəticələrindən danışıb:
“2023-cü ilin iyun ayında yaradılan BAMF-ın qadın minaaxtaranlar komandası hazırda Azərbaycan Respublikası Minatəmizmələ Agentliyinin (ANAMA) dəstəyi ilə öz işinə davam edir. Komanda bu günə qədər 700 hektara yaxın ərazini mina və partlayıcı sursatlardan təmizləmiş, 96 ədəd piada əleyhinə mina, 261 ədəd tank əleyhinə mina və 383 ədəd isə partlamamış hərbi sursat aşkarlanıb. Bu çox ciddi statistikadır və böyük uğurdur. Bu gün komandamız kişi minaaxtaranlarımızla birlikdə çiyin-çiyin bu şərəfli missiyanı davam etdirməkdədir.” – deyə Umud Mirzəyev bildirib.
BAMF-ın bütün qadın əməkdaşlarını təbrik edən Umud Mirzəyev ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovun da təbriklərini çatdırıb. Qeyd edib ki, qadın minaaxtaranların fəaliyyəti daim ANAMA-nın xüsusi diqqətində olan məsələlərdən biridir və onların uğurları ölkədə aparılan minatəmizləmə fəaliyyətində özünəməxsus yerə sahibdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da BAMF-ın qadın əməkdaşlarını təbrik edib və ürək sözlərini bölüşüb:
“Azərbaycan qadını istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ müharibəsində öz qəhrəmanlığı ilə seçilib. Bu gün də qadın minaaxtaranların minatəmizləmə kimi çətin və şərəfli işin öhdəsindən layiqincə gəlməsi bizləri qürurlandırır. Biz İcra Hakimiyyəti olaraq onların fəaliyyətini yaxından izləyir və uğurlarına sevinirik.”
Sonda Vətən müharibəsi şəhidi Xəyal Aslanovun BAMF-da çalışan anası Nəzakət Aslanova çıxış edib və göstərilən diqqətə görə ANAMA və BAMF rəhbərliyinə və Rayon İcra Hakimiyyətinə kollektiv adından təşəkkür edib.

