Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,985
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Mar

    Həyatda yaşadıqlarımız göstərir ki, insanın böyüklüyü fiziki və maddi imkanları ilə deyil, ruhunun gücü ilə ölçülür. Ayaq üstə möhkəm dayananlar da məhz belələridir– ruhən güclü olanlar.

    Bu məqalədə oxucularımıza onlardan biri– Tərtər rayonunun Qapanlı kəndində dünyaya göz açan Rüfət Hüseynov haqqında danışmaq istəyirəm.

    O, beşuşaqlı ailənin ikinci övladıdır. Uşaqlıq illərində həmyaşıdlarından fərqli olması həyatında çətinliklər yaradırdı. Rüfət özünə qapanır, daha çox vaxtını evlərində keçiməyə çalışırdı. Məktəb yaşına çatanda ona evdə təhsil almağı məsləhət gördülər. Lakin anası bununla razılaşmadı və övladının başqa uşaqlarla bərabər məktəbə getməsinə nail oldu. Rüfət bu barədə belə deyir:

    –Məktəbə getdiyim üçün sevinirdim. Kənd yeriydi, yollarımız da çox rahat deyildi. Ancaq hamıdan birinci gəlib çatırdım. Hətta məktəbimizin o zamankı direktoru Akif müəllim məni uşaqlara nümunə göstərirdi. Bu isə məni ruhlandırırdı. Dərslərə böyük marağım vardı. Yorulmadan öyrənirdim. Buna görə də həmişə həm anama, həm də müəllimlərimə minnətdaram.

    Orta məktəbi bitirdikdən sonra 2004-cü ilə qədər Rüfətin həyatı sıxıntılar içində keçib. Lakin ruhu sınmayıb. Kiçik bir işdən yapışıb ailəsinə kömək edə biləndə bundan zövq alıb. O deyir:

    2004-cü ildə artıq anladım ki, cəmiyyətdən təcrid olunaraq yaşamaq mümkün deyil. Müalicələrə başladım. Əlillərin Bərpa Mərkəzində Asif Qasımovla tanış oldum. Bu tanışlıq həyatımı dəyişdi. Sanki yaşadığım boşluqdan qaynar, maraqlı, mənalı bir dünyaya qovuşdum. Asif Qasımov mənə yalnız taxta üzərində oyma işlərini öyrətmədi. Bu tanışlıqdan sonra əmin oldum ki, mənalı, dolğun yaşamaq, fiziki imkanlarından asılı olmayaraq, nəinki hər bir insanın haqqıdır, həm də borcudur. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müəllimim Asif Qasımovdan taxta üzərində oyma işini öyrəndim. İndiyədək demədiyim, dilə gətirmədiyim bütün hisslərimi taxta üzərində yaratdığım rəsmlər vasitəsilə insanlara çatdırmağa çalışdım.

    Bu peşəni öyrəndikdən sonra Rüfət imtahandan müvəffəqiyyətlə keçdi və hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “Dost Evi”  şöbəsində özü təlimçi kimi fəaliyyət göstərir. Hazırda onun 6 tələbəsi var. Onlarla bərabər Rüfət cansız taxta parçalarını möcüzəli bir dünyaya çevirir. O, daha çox Qarabağ, Bakı, tarixi-mədəni irsimiz kimi mövzulara üstünlük verir.

    Rüfət Hüseynovun yaratdığı əsərlərə hətta Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Əminə xanım Əroğan baxıb və bəyəniblər.

    Rüfətlə söhbətimiz zamanı onu da söylədi ki, səyahət etməyi, məzuniyyət zamanı xarici ölkələrə səfər etməyi sevir. Bu səfərlər ona yeni yaradıcılıq mövzuları verir və dünyamız haqqında təsəvvürlərini genişləndirir.

    Sonda Rüfət dedi:

    –Bu dünyaya gələn hər kəsin yaşamaq haqqı var. Müharibələr insanların bu haqqını pozan ən böyük cinayətdir. Mən və yoldaşlarım öz peşəmizin imkanları vasitəsilə sülhü və əmin-amanlığı təbliğ etməyə çalışırıq.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:37

İsmarıclar bağlıdır.