Prezident İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxış edib. Dövlət başçısı deyib ki, məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq.
Hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq.
Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.
Prezident bildirib ki, biz 12 ölkəyə qaz tədarük edirik.
Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.
Qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır.
Artıq Avropanın daha iki ölkəsinə – Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur.
Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir.
2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanması gözlənilir. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək.
Qeyd olunub ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsi də yaşıl gündəlikdir. Cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının – 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib.
Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik. Burada bizdə xarici sərmayədarlardan və yerli şirkətlərdən ibarət müsbət kombinasiya mövcuddur. Yerli şirkətlər dedikdə, əlbəttə ki, SOCAR-ı nəzərdə tuturam. Lakin təkcə SOCAR yox, həmçinin özəl şirkətlər alternativ enerji mənbələrinə investisiya yatırmağa başlayıb, çünki burada böyük potensial və bazarda tələbat var.
Artıq ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər olacaq. Biz bu məsələ üzərində işləməliyik. Biz enerji kabelləri – Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birlikdə işləməliyik. Hər iki müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə bu iş davam edir.
Bütün bu layihələrin reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır.
Diqqətə çatdırılıb ki, biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik.
Vurğulamaq istəyirəm ki, bunlar anlaşma memorandumları deyil, müqavilələrdir, beləliklə, tərəflərin müqavilə öhdəlikləri var. Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik.
Dünyanın ən qüdrətli dövləti Amerika Birləşmiş Ştatlarının strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür.
Biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq. Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək.
Beləliklə, hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji, – biz hazırda bu məsələni araşdırırıq, – qaz və bütün mümkün kombinasiyalar nəzərdən keçirilir və işin məhz belə aparılması zəruridir. Müzakirə etdiyimiz məsələyə qayıdaraq qeyd edim ki, hətta COP29 çərçivəsində – bu iqlim konfransına ev sahibliyi etdiyimiz zaman da bildirmişdim, baxmayaraq ki, o dövrdəki tendensiya ilə tam uyğun olmadığını anlayırdım, faydalı qazıntı yanacaq növlərini nəzərə almamaq mümkün deyil. Əgər siz qazıntı yanacağını nəzərə almırsınızsa, bu o deməkdir ki, siz xəyallarla yaşayırsınız.
Dövlət başçısı deyib ki, biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik.
Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin, eyni zamanda, biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, – ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, – hesab edirəm ki, iş məhz belə aparılmalıdır.
Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır.
Biz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edirik və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Biz Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq və bunun üçün infrastruktura malikik.
Biz bu yaxınlarda Türkiyədə ən böyük elektrik stansiyalarından birini əldə etmişik – 870 meqavat gücündə. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Beləliklə, bizim enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır.
Həmçinin bizim üçün mühüm nailiyyətlər, mühüm amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində sözsüz ki, neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyası bu razılaşmanın bir hissəsidir.

