Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu mühüm sənəddən irəli gələn vəzifələrin icrası məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işləri uğurla davam etdirilir.
Növbəti belə tədbir bu gün Tərtər şəhərinin Heydər Əliyev prospektində təşkil olunan ağacəkmə aksiyası ilə gerçəkləşib. Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və 9 №li Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları fəal iştirak ediblər.
Aksiyada çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki: “Möhtərəm Prezidentimiz tərəfindən 2026-cı ilin ‘Şəhərsalma və Memarlıq İli’ elan olunması şəhərlərimizin estetik görünüşünün modernləşdirilməsi və ekoloji mühitin sağlamlaşdırılması istiqamətində atılan tarixi bir addımdır. Bu il çərçivəsində keçirdiyimiz aksiyanın əsas məqsədi Tərtərin simasını daha da gözəlləşdirmək, ekoloji tarazlığı bərpa etmək və gələcək nəsillərə daha təmiz, yaşıllıqlar içində bir şəhər miras qoymaqdır. Bizim hər bir əkdiyimiz ağac həm təbiətə töhfə, həm də şəhərsalma mədəniyyətimizin tərkib hissəsidir. Tərtər hər zaman öz yaşıllığı və səliqəsi ilə seçilməli, müasir memarlıq tələbləri ilə təbiətin harmoniyasını özündə birləşdirməlidir.”
Aksiya zamanı Heydər Əliyev prospektində rayonun iqlim şəraitinə uyğun olan 200 ədəd Eldar şamı əkilib. Yeni əkilən tinglər suvarılıb, ərazidəki mövcud ağacların dibi yumşaldılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib. Eyni zamanda, küçə boyunca təmizlik işləri aparılıb.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər rayonunda yaşıllaşdırma və abadlıq işləri il boyu davam etdiriləcək.


