1993-cü il, may ayının 25-i. 8 övlad böyüdüb, boya-başa çatdırmış ana növbəti övladını–Səliməni “Son zəng” mərasiminə yola salır. Amma ana ürəyi çox narahatdır. Axı, məktəbin həyətində hərbi texnika yerləşdirilib. Ermənilər gündə bir neçə dəfə kəndi atəşə tuturlar. İndi də mütləq qanqaralığı salacaqlar. Tamara ana əllərində iri çiçək dəstəsi tutmuş qızını görub özünü saxlaya bilmədi:
–Bəlkə getməyəsiniz, qızım? Şükürlər olsun ki, müharibənin, qanqadanın içində orta məktəbi bitirə bildiniz.
–Yox, ana. İndi uşaqlar da gələcək. Biz məktəbimizlə vidalaşmağa gedəcəyik. Amma şənlik etməyəcəyik. Çünki hazırda kəndimizin üzərində dolaşan şəhid ruhları, yaralıların naləsi buna imkan vermir. Gün gələcək, biz ali təhsil alacağıq, vətənimizin gərəkli övladlarına çevriləcəyik, onda doğma məktəbimizə toplaşıb indi baş tutmayan “Son zəng” tədbirini keçirəcəyik. Qapanlı kənd orta məktəbinin məzunu Səlimə Yusibova elə həmin il N.Tusi adına Pedaqoji Universitetin Tarix fakültəsinə daxil oldu. 1997-ci ildə ali məktəbi bitirib təyinatla rayonumuzun Əksipara kənd tam orta məktəbinə gəldi. 2 il bu məktəbdə, 1 il isə öz doğma kəndində işlədi.
2001-ci ildə yenidən Bakıya üz tutdu. Paytaxtın Xətai rayonundakı 116 saylı məktəbin qabaqcıl müəllimlərindən biri kimi fəaliyyətini davam etdirdi.
Həyatda hər kəsin üzərinə müxtəlif missiyalar düşür. Bunlardan ən şərəflisi övladlıq borcudur. Səlimə müəllim də vəziyyət tələb edəndə işindən-gücündən, alışdığı həyat tərzindən ayrılıb ailəsi ilə birlikdə Qapanlı kəndinə, anasının yanına gəldi ki, 8 övlad böyüdən ana ahıl çağında doğma ocaqda tək yaşamasın. 2 övlad sahibi olan Səlimə müəllim onları ermənilərin daim atəşə tutduğu Qapanlıda deyil, Bakıda tamamilə qayğısız bir şəraitdə tərbiyə edə bilərdi. Amma onlar Qapanlını seçdilər. Bu da övladlıq missiyasının ən gözəl nümunəsi və bizim milli mentaliteti-mizdən irəli gələn bir haldır.
2015-ci ildən Səlimə Yusibova rayonumuzda Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində çalışır. Onun təşkilatçılığı ilə burada keçirilən tədbirlərin qayəsi azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə bağlılıqdır.
“Niyə müəllim ixtisasını seçdiniz” sualına o, belə cavab verdi:
Mən və həmyaşıdlarım, vaxti ilə Qapanlıda təhsil almış insanlar özümüzü xoşbəxt hesab edirik ki, Famil Quliyev, Şahin Sadıqov kimi pedaqoqlardan dərs almışıq. Odun, alovun, ölümün, müharibənin bütün dəhşətlərinin içində onlar bizdə elmə maraq oyada bildilər. Bizi vətənpərvər böyütdülər.
Səlimə müəllim onu da dedi ki, orta məktəbi bitirdiklərindən 23 il ötsə də, onlar hələ də “Son zəng” tədbirini keçirməyiblər. Bunu Qələbə Günü ilə birlikdə qeyd edəcəklər.
Svetlana Bağırova
“YENİ TƏRTƏR”İN BƏXTİLƏSİ
Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Qadınlar Günü dün-yanın bir çox dövlətlərində olduğu kimi ölkəmizdə də böyük qürurla qeyd edilir. Azərbaycan qadını əsrlər boyu namus, qeyrət rəmzi olmuşdur, zərifliyi, gözəlliyi baharı xatırladır. Bayram etdiyimiz Qadınlar Günü baharın gəlişi ərəfəsinə düşür. Mart güllər-çiçəklər ayıdır. Elə qadınlar da gülçiçək nəfəslidir.
Qadın, ana adı həmişə uca tutulur. Bu bayram günündə bütün qadınlarımız hörmət və izzətlə yad olunur, onlara böyük ehtiram göstərilir. Çünki qadınlarımız bu bayram günündə diqqətə eytiyac duyurlar. Onlar kişilərlə bərabər çalışmalarına baxmayaraq qayğıkeş ana, bacı, həyat yoldaşıdırlar. Belə gözəl xanımlardan biri də Bəxtilə Səlim qızı Əliyevadır. O, çox uzaqlarda deyil, gözümüzün qarşısında, “Yeni Tərtər” qəzeti redaksiyasında çalışır. Onun haqqında yazacağımı biləndə təvazökarlıq göstərdi: “Məni qadınlarımızdan, qızlarımızdan seçmə”–dedi. Lakin Bəxtilə hörmətə, diqqətə layiqdir. Çünki o, üç övlad tərbiyə edən anadır, gözəl həyat yoldaşıdır, “Yeni Tərtər”in Bəxtiləsidir.
Bəxtilənin həyat tarixcəsinə nəzər salanda aydın olur ki, o, ali təhsilli bir mütəxəssisdir. M. Əzizbəyov adına Azər-baycan Neft və Kimya İnstitutunu bitirib. İlk əmək fəaliyyətinə də elə ali təhsil aldığı illərdə, o vaxtkı Azərbaycan Politexnik İnstitutunda başlayıb. Həm işləmək, həm oxumaq Bəxtiləni puxtələşdirib, təşkilatçılıq bacarığını artırıb. Doğma rayonuna qayıtdıqdan sonra elektromexanika zavodunda komsomol komitəsinin katibi, sonra təhlükəszlik texnikası üzrə mühəndis, Tərtər rayon Elektrik Şəbəkəsində laboratoriya üzrə mühəndis vəzifələrində çalışıb.
1992-ci ildə iş yoldaşı Raufla ailə həyatı qurub. Xoşbəxt ailəsi var. Böyük qızı Türkan Bakı Dövlət Universitetini bitirib, anası ilə birgə çalışır. “Yeni Tərtər” qəzetinin dizayneridir. Fidan tələbədir. Oğlu Mahir isə orta məktəb şagirdidir.
Bəxtilə, səni və sənin şəxsində “Yeni Tərtər”çi qadınlarımızı 8 Mart Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və qadın xobəxtliyi arzulayıram. Bayramınız mübarək!
Sizlərdən biri: Elfuzə Vəliyeva
KOLLEKTİVİN HÖRMƏTİNİ QAZANIB
Həyatda elə bir insan tapmaq olmaz ki, ömür yolu daim rəvan və çətinliklərsiz keçsin. Çünki dünyanın gözəllikləri ilə bərabər kədəri də var. Bunların hamısı da insanlar üçündü. Bu həqiqətə Vəsilə müəllim hələ orta məktəbdə oxuyarkən inanıb. Ona görə də səbrli, dözümlü olmağı öyrənib. Ürəyindəkiləri elə oradaca yaşadaraq, ətrafdakılara öz müsbət enerjisindən pay verib.
Haqsızlıqla üzləşəndə də ruhdan düşməyib. Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsini bitirib. 6 saylı tam orta məktəbində bu dili tədris edən Vəsilə Mehdiyevaya birdən-birə deyiləndə ki, artıq məktəbdə rus dili müəllimi kimi ona ehtiyac yoxdur, əlbəttə, sarsıldı. Lakin bunu ətrafdakılara hiss etdirmədi. Universitetə daxil olmaq üçün keçdiyi çətinlikləri, tələbəlik illərini, bir pedaqoq kimi gərgin fəaliyyətini gözləri önünə gətirəndə əmin oldu ki, bütün bunlar elə belə lazımsız ola bilməz.
O, iki il işləmədi. Bu müddətdə başqa sahələrdə çalışmaq üçün təkliflər alsa da, hər kəsə yalnız müəllim kimi fəaliyyətini davam etdirəcəyini söylədi.
Nəhayət, arzusuna çatdı. Hal-hazırda rayonumuzun Sarıcalı kənd tam orta məktəbində tədris işləri üzrə direktor müavinidir. Kollektivlə gözəl münasibət qurub. Hamının sevimlisidir. Bir müəllim kimi arzusu budur ki, hazırda böyüyən gənc nəsil mütaliədən uzaq düşməsin. İnformasiya texnologiyaları əsrində yaşasaq da, uşaqlar kitabı qiymət-ləndirməyi, ondan faydalanmağı bacarsınlar.
Vəsilə müəllim öz peşəsinə ürəkdən bağlı olan xoşbəxt insanlardandır. Rayonumuzun fəal, ictimai işlərdə fərqlənən qızlarından biridir. Biz onu 8 Mart Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir və arzulayırıq ki, həmişə in-sanlara gərəkli olsun, işindən, həyatından razılıqla danışsın
Svetlana Bilalqızı