
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan, Ağdərə rayonunun İmarət Qərvənd kənd sakini Dadaşov Dadaş Şərif oğlunun nəşi ailəsinin məskunlaşdığı Bərdə rayonuna gətirilərək orada izdihamlı vida mərasimi keçirilib.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Tərtər və Bərdə rayon İcra Hakimiyyətlərinin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin müdir vəzifəsini icra edən Pərviz Eyvazov, şəhidin ailə üzvləri, rayon sakinləri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV və ictimaiyyət nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər.
Vida mərasimində Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub. Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən danışaraq, şəhidlərimizin qanının yerdə qalmadığını xüsusi vurğulayıb.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Bərdə rayonunun Mollaisalar kənd qəbiristanlığına gətirilib. Burada hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidin xatirəsinə yaylım atəşi açılıb. Qəhrəman döyüşçü dualarla torpağa tapşırılıb. Tabutun üzərinə sərilmiş üçrəngli Azərbaycan bayrağını Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudovla birlikdə şəhidin qardaşına təqdim edib.
Qeyd edək ki, Dadaşov Dadaş Şərif oğlu 15.02.1972-ci il tarixində Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Murovdağ döyüşlərində iştirak edib və 11.02.1994-cü il tarixdə Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində itkin düşüb.
* * *
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Dadaşov Dadaş Şərif oğlunun üç mərasimi keçirilib. İcra başçısı, Bərdə rayonunun Mollaisalar kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, gül dəstələri düzüb və ruhuna dualar oxunub.
Yas mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Tərtər və Bərdə rayonlarının hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təş-kilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin ailə üzvləri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV və ictimaiyyət nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər.

