


Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Hacıyev Qılman Surxay oğlunun, Vəliyev Hidayət İsa oğlunun və Göyüşov Qurban Ramazan oğlunun üç mərasimləri keçirilib.
Yas mərasimlərində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Tərtər və Bərdə rayonlarının hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, şəhidin ailə üzvləri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV və ictimaiyyət nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər.
Qeyd edək ki Hacıyev Qılman Surxay oğlu 1972-ci il noyabrın 16-da Bərdənin Kələntərli kəndində anadan olub. 1994-cü il fevralın 11-də Kəlbəcər rayonu, Yanşaq kəndi istiqamətində itkin düşüb. Şəhidin nəşinin qalıqları Kələntərli kənd qəbiristanlığında dəfn edilib.
Vəliyev Hidayət İsa oğlu 1971-ci il sentyabrın 7-də Bərdənin Zümürxan kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonu, Murovdağ silsiləsi istiqamətində itkin düşüb. Şəhidin nəşinin qalıqları Zümürxan kənd qəbiristanlığında dəfn edilib.
Göyüşov Qurban Ramazan oğlu 1974-cü ildə Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı özünümüdafiə batalyonunun tərkibində döyüşən Qurban Göyüşov 1992-ci il martın 12-də Sırxavənd kəndi istiqamətlərində yaralanıb. Atası onu yaralı halda döyüş meydanından çıxarmağa çalışsa da, erməni silahlıları intensiv atəş açaraq buna mane olub. Şəhidin nəşinin qalıqları Ağdam rayonunda dəfn edilib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

